Rusiya-NATO gərginliyi: “Financial Times” dosyesi nəyi göstərir?- ÖZƏL

Elmir Səftərov: "Qərbin Moskva ətrafında mövqelərini genişləndirmək cəhdləri Cənubi Qafqaza da sirayət etdi"

Rusiya-Ukrayna müharibəsinə görə NATO ilə Moskva arasında artan gərginlik tərəflərin toqquşma ehtimalını yenidən gündəmə gətirib. Belə bir vaxtda, "Financial Times" Rusiyanın NATO ilə mümkün münaqişə zamanı hücum edəcəyi ölkələri sadalayan 29 fayldan ibarət gizli dosye əldə etdiyini iddia edib. 2008-2014-cü illər arasında hazırlanan fayllarda adi döyüş başlıqları və ya taktiki nüvə başlığı daşıya bilən raketlər üçün hədəflər yer alıb. Hədəflər arasında Azərbaycanın da olduğu iddia edilir.

Rusiya ilə NATO arasında artan gərginlik və iddia edilən gizli dosyedə Azərbaycanın da hədəf olaraq göstərilməsi, Azərbaycanın təhlükəsizlik strategiyalarına necə təsir edə bilər və bu vəziyyətdə hansı addımlar atılmalıdır?

Mövzunu Olaylar.az-a şərh edən siyasi şərhçi Elmir Səftərov bildirib ki, yeni dünya nizamını formalaşdırmağa çalışan güclər müxtəlif bölgələrdə öz nüfuzunu möhkəmlədirmək və ya qorumaq üçün fərqli mübarizə metodlarından istifadə edirlər:

"Dünyadakı mövcud münaqişə ocaqlarına nəzər salsaq, böyük dövlətlərin bu proseslərin birbaşa və bilavasitə içində olduğunu görərik. Bu da bəzi ölkələri müttəfiqliyə cəlb edir, bəziləri arasında isə ziddiyyətləri artırır, onları tərəf seçməyə vadar edir, seçim qarşısında qoyur. Balanslı siyasət aparmaq isə getdikcə çətinləşir. Bu baxımdan da İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqlar ölkəmizə qarşı təzyiqləri artırdı, beynəlxalq problemlərin mövcudluğunu daha da qabarıq şəkildə büruzə verdi. Bütün bunların əsas səbəbi isə Azərbaycanın bir-biri ilə ziddiyyətdə olan, müharibə aparan ölkələrə münasibətdə neytral mövqe tutması, heç bir hərbi blokun maraqlarına uyğun siyasət yürütməməsi idi. Bunun əksinə olaraq isə Ermənistan regiondan uzaqda yerləşən güclərin maraqlarının təmin olunması üçün strategiya həyata keçirməyi qarşısına məqsəd qoydu. Bu məqsədlə öz müttəfiqi Rusiyanın forpostluğunu kollektiv Qərblə əvəz etməyə başladı. 
Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Moskva ətrafında öz mövqelərini genişləndirmək cəhdləri Cənubi Qafqaza da sirayət etdi. Qərbin bu istiqamətdə həm Azərbaycana, həm də Gürcüstana Rusiyaya qarşı çıxmaq üçün etdiyi təzyiqləri tərəflər arasında siyasi əlaqələri mürəkkəb vəziyyətə gətirdi. Bu da müstəqil xarici siyasət yürütməyə müdaxilə kimi qiymətləndirilir".

E.Səftərov qeyd edir ki, Ukraynadakı savaşın arealının genişlənməsi Rusiyada qeyri-müəyyənlik yaradır, bu da mövqelərində regional və xarici aktorların fəaliyyətini aktivləşdirir:

"Bu istiqamətdə də regionda daha çox İran, regiondan kənarda isə Fransa, ABŞ və Hindistan diqqətləri cəlb edir. Həmin dairələr Ermənistanı silahlandırır, hərbi qüdrətinin artırılmasına, regionda qüvvələr balansının bərabərləşdirilməsinə səy göstərirlər. Ermənistan isə daxilində müxtəlif ölkələrin, əsasən, Fransa, Kanada, ABŞ-ın silahlı qüvvələrini yerləşdirməklə regionda sülhün əldə olunmasına, davamlı sabitliyin hökm sürməsinə təhdid yaradır, Rusiya-NATO qarşıdurmasının yeni məkanına çevrilir. 
Öz ambisiyaları üçün Ermənistanı məkan seçən Avropa və ABŞ isə sadəcə olaraq regiona yerləşmək istəyir. Burada əsas hədəf Rusiyadır. Amma ABŞ-ın bu planı digər ölkələrə - Türkiyə və İran da təhdid yaradır. Ermənistanın bu planın bir hissəsi olması bölgədə sabitliyin təmini istiqamətində görülən işləri sıfırlayır, özünü isə Rusiyanın əsas hədəfinə çevirir. Düzdür, Rusiya öz maraqları naminə rəsmi İrəvanı əlində vasitə olaraq saxlamağa cəhd edəcək, amma bu alınmadıqda isə növbəti NATO-Rusiya münaqişəsinin alovlandığı məkan Ermənistan olacaq. Ölkəmiz isə mürəkkəb geosiyasi bir zamanda hansısısa güclərin maraqları naminə savaşların bir hissəsi olmaq niyyətində deyil, ona görə də sülhə, əməkdaşlığa nail olmaq üçün səy göstərir. Ermənistan vasitəsilə Cənubi Qafqazda formalaşdırılan təhdidlərdən qorumaq və bütün versiyalara hazır olmaq üçün, Azərbaycan hərbi qüdrətini artırır, öz qonşuları ilə əməkdaşlığını daha da genişləndirir, baş verən prosesləri yaxından izləyir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31