COP29-a ev sahibliyi Azərbaycanın beynəlxalq imicini daha da artıracaq
16 Avqust 2024 14:49 SiyasətBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı iki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Məlumat üçün qeyd edək ki, BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.
Bəs, COP29-a ev sahibliyi Azərbaycana nə vəd edir?
Bu forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verəcək. Bununla yanaşı, diqqətin erməni işğalının nəticələrinin ətraf mühitə təsiri, o cümlədən çox ciddi mina problemi və bunun fəsadlarının aradan qaldırılması üçün beynəlxalq hüquq alətlərinə yönəldiləcəyi gözlənilir. Həmçinin, COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bununla Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də potensialını nümayiş etdirəcək. Dünya dövlətlərinə agah olacaq ki, ölkəmizin gündəliyi yaşıl enerji ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda dövlətimizin enerji siyasətimizin prioritetidir.
Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Rəsmi məlumata əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Bu prioritetlər qəbul edilənə qədər 2020-ci il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilə əsasında 2022-ci il yanvarın 13-də "ACWA Power" şirkəti ilə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. 2022-ci il martın 15-də isə Bakıda "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində "Masdar" şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.
Həmçinin 2022-ci il dekabrın 15-də Azərbaycanın Energetika Nazirliyi və Avstraliyanın "Fortescue Future Industries" (FFI) şirkəti arasında ölkəmizdə bərpaolunan enerji layihələri və "yaşıl hidrogen"in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və "yaşıl hidrogen"in istehsalı üzrə ümumi gücü 12 qiqavatadək layihələrin araşdırılmasını və reallaşdırılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin təqribən 12 qiqavatı FFI şirkəti, təqribən 10 qiqavatı "Masdar" şirkəti, bir hissəsi isə "ACWA Power" şirkəti tərəfindən istehsal olunacaq. Xatırladaq ki, ötən il fevralın 3-də Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilə yanaşı, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası baş tutub. Bu iclas Azərbaycanın bərpaolunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verdiyini göstərir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
COP29-un Azərbaycanda keçirilməsi mühüm əhəmiyyətə malikdir
COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.
Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1,5oC hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək. Lakin imkanlar tükənir və gələcəyimizi qorumaq üçün artıq bu gün diqqətimizi investisiyaların yatırılması məsələsinə yönəltməliyik. Azərbaycanın quruda və dənizdə mövcud olan zəngin külək enerjisi resursları dayanıqlı enerji istehsalı üçün mühüm imkanlar yaradır. Ölkə külək enerjisi üzrə quruda 3 QVt həcmində qiymətləndirilən iqtisadi potensiala, həmçinin dənizdə 157 QVt təşkil edən texniki potensiala malikdir.
Sədrliyin COP29 planı bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki yanaşı istiqamətə əsaslanır. Ambisiyaların artırılmasını nəzərdə tutan birinci istiqamət bütün tərəflərin iddialı milli planlara və şəffaflığa sadiqliyini təmin etmək üçün əsas komponentləri özündə ehtiva edir. Fəaliyyətə təkan verməyi nəzərdə tutan ikinci istiqamət isə ambisiyaları fəaliyyətə çevirmək, emissiyaları azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, itki və zərəri aradan qaldırmaq üçün əsas vasitələrdən biri olan maliyyənin vacib rolunu əks etdirir.
Azərbaycanda COP29 tədbirinin keçirilməsi və dünya ölkələrinin bunu dəstəkləməsi həm də onu göstərir ki, Azərbaycan artıq iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna töhfə verən dövlət kimi tanınır və qəbul edilir. Bu onun nəticəsidir ki, Azərbaycan uzun illərdir iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində qlobal arenda fəal iştirak edir. Belə ki, Azərbaycan 1995-i ildə BMT-nin "İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası"nı, daha sonra bu Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb və COP tədbirlərində fəal iştirak edir. Azərbaycan bu istiqamətdə öz fəaliyyətini qlobal çağırışlara adekvat şəkildə qurur və neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti əsas məqsədlərdən biri kimi müəyyən edib. Ona görə də COP29 tədbirinin Azərbaycanda keçirilməsi iqlim dəyişiklikləri ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində mühüm irəliləyişdir və Azərbaycanın bu sahədə qlobal səviyyədə daha da tanınmasına şərait yaradacaq.
Nurlan