Rusiya-Ukrayna müharibəsinə yeni oyunçular cəlb edilə bilər
16 Avqust 2024 12:49 SiyasətDünyanın böyük güc mərkəzləri yeni qlobal nizam uğrunda sərt rəqabət aparırlar
Hazırda dünyada baş verən hərbi toqquşmalar Üçüncü Dünya Müharibəsinin başlanması üçün siyasi mühit formalaşdırmaqdadır. İqtisadi zəmin üzərində formalaşan siyasət dövlətləri açıq şəkildə bir-birinə qarşı qoymaqdadır. Artıq ayrı-ayrı regionlar, xüsusən təbii ehtiyatlara malik olan kiçik dövlətlər uğrunda açıq savaş başlanıb. Sadalanan faktorlar Avropada strateji mühitin və geosiyasi konyukturanın sürətlə dəyişməsinə səbəb olub. Qeyd edilməlidir ki, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük hərbi-siyasi münaqişə olan Rusiya-Ukrayna müharibəsinin başlanmasıdır ki, hələ də onun qarşısını almaq mümkün olmayıb. Sözügedən müharibənin daha da genişlənməsi regional və qlobal səviyyədə yeni geosiyasi reallıqlar yaratmaqdadır. Onu da qeyd edək ki, dünyanın ən güclü hərbi-siyasi alyansı olan NATO-nun yeni geosiyasi reallıqlarda strategiyası və davranışları, bütövlükdə Avrasiyada cərəyan edən proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. Rusiya-Ukrayna müharibəsinin yaratdığı əsas reallıqlardan biri Avropada təhlükəsizlik risklərinin xeyli artmasıdır. Şübhəsiz ki, bu risklər dünyanın güc sahiblərinin münaqişəyə müdaxiləsini labüd edib.
2022-ci il fevralın 24-də, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə başlayan müharibənin qısa müddətdə başa çatacağı deyilsə də proqnozlar özünü doğrultmadı. Müharibənin uzanmasına səbəb kimi Rusiyanın hərb sənayesinin düzgün dəyərləndirilməməsindən tutmuş Avropa koalisiyasının Ukraynaya hərtərəfli dəstəyinə qədər prosesləri göstərmək olar. Məhz bu amillərin nəticəsidir ki, bu vaxta qədər heç bir geosiyasi nəticə əldə olunmayıb, müharibə əks hücumlarla davam edir. Məsələ orasındadır ki, Rusiya-Ukrayna müharibəsindən yararlanmağa çalışan böyük güc mərkəzləri yeni qlobal nizam uğrunda sərt rəqabət aparırlar. Məhz bu sərt rəqabət qarşıdurma meyillərini gücləndirir ki, bu da geniçmiqyaslı müharibə risklərini artırır. Təsadüfi deyil ki, bir sıra nüfuzlu beyin mərkəzləri və təhlilçilər də Rusiya-Ukrayna müharibəsinin başlanmasını qaydalara əsaslanan dünya düzəninin çökməsinin əsas əlamətlərindən biri kimi dəyərləndirirlər. Maraqlı məqam odur ki, dünya siyasətində baş verən bu köklü dəyişikliklər hətta Birləşmiş Ştatlar tərəfindən də qəbul edilir. Hansı ki, bu vaxta qədər ABŞ yalnız soyuq müharibə prinsipinə üstünlük verirdi.
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra kiçik istisnalarla Qərb bloku Ukraynaya birmənalı, geniş siyasi, hərbi iqtisadi dəstək verib və bu dəstək davam etməkdədir. Məsələn, müharibənin ilk bir il dörd ay müddətində yalnız ABŞ Ukraynaya 75 milyard dollar dəyərində hərbi, iqtisadi, maliyyə dəstəyi verib. Həmçinin bura digər müttəfiq dövlətlərin də yardımlarını əlavə etsək, Ukraynaya hərbi, maliyyə, humanitar dəstəyin hansı həcmdə olduğunu aydın görmək olar. Bütün bunlarla bərabər müharibə tam şiddəti ilə davam edir və tərəflərdən heç biri hələ ki, münaqişədə əsas məqsədlərinə çata bilməyib. Müharibə nəticəsində Rusiya, Ukrayna çox böyük insani, hərbi, iqtisadi, maliyyə itgiləri ilə üzləşsə də artıq Qərbin də ciddi problemlərlə üzləşdiyi bir reallıqdır. Müharibə başladıqdan sonra ərzaq, enerji və digər məhsulların qiymətlərində müşahidə olunan kəskin artım, inflyasiyanın dərinləşməsi ilə bərabər Alyans üzvü ölkələrində hərbi sursat çatışmazlığı da yaranmaqdadır.
Uzun müddət Rusiyanın hərbi təzyiqinə məruz qalan Ukrayna nəhayət ki, müharibəni Rusiya ərazisinə daşıya bildi. Belə ki, Ukrayna ordusu avqustun 6-da Rusiya sərhədini keçərək Kursk vilayətinin Sucansk rayonuna daxil oldu və bir sıra kəndləri ələ keçirdi. Hərbi ekspertlərin qənaətinə görə, Ukraynanın bu hücumu həm siyasi, həm də strateji baxımdan çox yanlış həmlədir. Çünki, Ukrayna ordusunun Kursk basqını "arxa cəbhə" strategiyasının tərkib hissəsidir. Yəni Kiyev bununla Kremlə mesaj verir ki, o, təkcə raket və dron hücumları deyil, quru əməliyyatları ilə də Rusiya ərazisinə hücum edə, ərazilərini ələ keçirə bilər. Heç şübhəsiz ki, Ukraynanın hücum əməliyyatı Qərbin icazəsi ilə baş tutub. Bunu Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi Piter Stanonun Rusiyanın Kursk vilayətində baş verənləri şərh edərkən dedikləri də təsdiqləyir: "Ukrayna özünümüdafiə hüququna malikdir və Rusiya ərazisinə zərbələr endirə bilər. Beynəlxalq hüquq Ukraynanın özünü müdafiə etmək, xüsusən də öz ərazisində təcavüzkara zərbə endirmək üçün qanuni hüquqa malik olduğunu təmin edir". Məlum olduğu kimi Ukrayna ordusu əksər istiqamətlərdə rus ordusunun irəliləyişini dayandırmışdı. Son vaxtlar rus ordusu irəliləsə də, cəbhə xəttini genişləndirmək, daha da irəli getmək niyyətində deyildi. Rusiya işğal etdiyi əraziləri geri qaytarmaq barədə düşünmürdü, lakin indiki məqamda irəli getməsi inandırıcı deyildi, çünki bu ərazilərin işğalı qədər müdafiəsi də çətindir. Odur ki, Rusiya bu hücumdan istifadə edib müharibəyə yeni oyunçular cəlb edə bilər. Belə ki, hücum birbaşa Rusiya ərazilərinə edildiyi üçün rəsmi Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından 4-cü maddəni əsas gətirərək, regiona alyans qüvvələrinin gətirilməsinə nail olması mümkündür. Hətta zəif ehtimal olsa da, Kreml Moskva Bəyannaməsinə əsasən Azərbaycandan dəstək istəyə bilər. Iddialara görə, Rusiya çalışacaq ki, Belarusu Ukrayna ilə müharibəyə sövq etsin. Hansı ki, Belarus prezidentinin ölkəsini müharibəyə sövq etmək niyyəti yoxdur. Çünki, Belarusla sərhəddə Qərbin elit xüsusi dəstələri dayanıb. Həmən hücumda Belarus qoşunları güclü müqavimətlə qarşılana və məğlubiyyətə uğraya bilər. Həmçinin Belarus Ukraynaya qoşun yeritsə, Polşa Belarusa hücum edə bilər. Ona görə də Belarus prezidenti Aleksandr Lukaşenko Moskvanın aktiv hərbi oyununda iştirak etmək niyyətindən uzaqdır. Sözsüz ki, Ukrayna Rusiya ərazisinə hücum etməklə öz istəklərinə nail olmağa çalışır. Ukraynanın istəklərinin önündə heç şübhəsiz ki, Rusiyanı danışıqlar masasında əyləşməyə məcbur etməkdir. Rusiyanın yaxın zamanlarda belə bir addım atacağı isə real görünmür. Əksinə, Rusiya prezidenti Vladimir Putun Ukraynanın Kursk vilayətinə hücumunun qarşısının tez bir zamanda alınması və sərt cavab tədbirlərinin həyata keçirilməsi ilə bağlı göstəriş verib. Sonda qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində çoxsaylı dövlətlər və beynəlxalq təşkilatların maraqları toqquşduğundan onun hələ uzun çəkəcəyi ehtimal olunur.
Alim