Fransanın müstəmləkəçilik siyasəti fiaskoya uğrayır

Makronun Yeni Kaledoniyaya səfəri etirazları səngidəcəkmi?

Müasir dünyada özünü insan hüquqları və demokratiyanın müdafiəçisi kimi təqdim etməyə çalışan dövlətin müstəmləkəçi siyasəti yürütməsi heç cür anlaşılan deyil. Az qala dünya ölkələrinə sülh, ədalət, insanpərvərlik kimi bəşəri dəyərlərin qorunmasından dərs keçən Fransa uzun illədir ki, müstəmləkəçi siyasətini davam etdirməkdədir. Millətlərə və xalqlara qan uddurmaqla, yenicə təşəkkül tapmış kiçik dövlətlərə qarşı zor tətbiq etməklə iqtisadi maraqlarını təmin edən Fransa hansı haqla ədalət çarçısı ola bilər? Məsələ orasındadır ki, artıq müstəmləkəçi siyasəti Fransanın dövlət idarəçilik metoduna çevrilib və hazırda da bunu əldən vermək niyyətində deyil. Çünki, Fransanın ayrı-ayrı xalqları əzmək, xırda dövlətlərin varidatını, təbii sərvətlərini talan etməklə dövlət qurmaq ənənəsi uzun tarixi zaman qət edib. Tarixdən bəllidir ki, bir zaman fransızlar Afrikanın qərbi və cənubunu öz hakimiyyətləri altında birləşdirmişdilər. Əsas məqsədləri zənciləri bir-birindən ayrı salmaq idi. Bu yolla bir çox zənci qəbiləsi bir-biri ilə danışa bilməyəcək vəziyyətə gətirilmişdi. Həmçinin missionerlik fəaliyyəti ilə məşğul olaraq Xristianlıq dininin qəbul etdirilməsinə çalışırdılar. Elə bu siyasətin tör-töküntüsü olaraq hazırda bir çox Qərbi Afrika ölkəsinin dili fransız dilidir. Şərqi Afrikadakı yeganə müstəmləkə isə Cibutidir. Bu dövlətin rəsmi dillərindən biri fransızca, digəri isə ərəbcədir. Məğrib bölgəsindəki Əlcəzair, Mərakeş və Tunisdə hələ də fransız dili öz önəmini saxlayır. Əlcəzairdə fransız dilində qəzetlər nəşr edilir. Komor adaları adlanan adalar qrupu da müstəmləkə olmuşdur. Bu gün hələ də bir Komor adası Fransaya aiddir. Orta Şərqdə Osmanlı imperiyasından ayrılmış Suriya və Livan müstəmləkə vəziyyətinə gətirilmişdir. Fransa daha sonra Qaziantep, Qəhrəmanmaraş, Şanlıurfa, Hatay, Adana (hətta Sevr müqaviləsiylə Tokat, Malatya, Sivas) kimi Türk şəhərlərinə qədər irəliləməyi bacarmışdırlarsa da, sonradan Türkiyə İstiqlaliyyət müharibəsi dövründə türklər tərəfindən geriyə çəkilməyə məcbur edilmişlər. Bir müddət Hatayı əlində saxlayan Fransa, onun müstəqil olmasına göz yummuşdur. Daha sonra Hatay Türkiyənin tərkibinə daxil edilərək Fransanın müstəmləkəsi olmaq təhlükəsindən xilas olmuşdur. Suriya və Livan isə daha bir müddət ərzində müstəmləkə olmuşdular, lakin sonra müstəqillik əldə etməyi bacardılar. Uzaq Şərqdə yerləşən Fransız müstəmləkələri içərisində Vyetnam da vardır. Beləliklə, Fransız müstəmləkə imperiyası XIX və XX əsrdə Britaniya İmperiyasından sonra dünyanın ikinci böyük müstəmləkə imperiyasıdır. Fransız müstəmləkə imperiyasının sahəsi "ana vətən" ilə birlikdə 1900-1930-cu illər arasında 24.000.000 km² olmuşdur. Bu böyüklük dünyadakı torpaqların sahəsinin təxminən 17.8%-inə bərabərdir. 
Göründüyü kimi dünyanın ən böyük müstəmləkəçi dövlətlərindən biri olan Fransanın faciəli hadisələrlə, zülmə və istismara etirazlarla dolu uzun bir müstəmləkəçilik tarixi var. Bütün bunlar müstəmləkə rejiminə qarşı yönəlmiş iğtişaşlara və üsyanlara səbəb olub. Diqqətçəkən nümunələrdən biri də son illərdə siyasi və hərbi dəyişikliklərə məruz qalan Malidir. 2020-ci ildə orada hərbi qüvvələr nəzarəti ələ keçirdi və 2021-ci ildə Fransa "Barxan" əməliyyatı çərçivəsində bu ölkədə hərbi mövcudluğunu azaltdığını elan etdi. Analoji vəziyyət Fransa hərbi bazalarının tənqid və bağlanma tələbləri ilə üzləşdiyi Niger və Burkina-Faso kimi digər ölkələrdə də müşahidə olunur.
Açınacaqlı haldır ki, Fransa indinin özündə də müstəmləkəçi siyasətini davam etdirməkdədir. Hazırda Fransanın Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasəti beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Hətta bəzi insan hüquqları təşkilatları tərəfindən bu siyasət ciddi tənqid edilib. Məsələ orasındadır ki, müstəmləkəçi siyasətini davam etdirən  Paris  yerli xalqların mədəni və hüquqi xüsusiyyətlərinə hörmətsizlik nümayiş etdirir, onların Fransadan müstəmləkə asılılığından xilas olmaq istəklərinə qarşı zor tətbiq edir. Yeni Kaledoniyada azadlıq uğrunda mübarizəyə qalxmış etirazçılara cavab olaraq, Fransa hakimiyyəti guya qayda-qanun yaratmaq üçün əraziyə qoşun göndərməkdən belə çəkinmədi. Lakin tətbiq edilən bütün təzyiq vasitələrinə baxmayaraq Yeni Kaledoniyada etiraz aksiyaları səngimək bilmir. Çünki, prezident Emmanuel Makronun azadlıqla bağlı vədləri yerli əhali arasında şübhə ilə qarşılanır. Baş verən son iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib. Baş verən etirazlar fonunda diqqətçəkən məqam Fransa Prezidenti Emmanuel Makronun adaya səfər etməsidir. Nazirlər Şurasının iclası zamanı Prezident Yeni Kaledoniyaya gedəcəyini bildirib. Fransa Prezidenti Emmanuel Makronun  adaya səfərinin etirazçıları sakitləşdirəcəyi də real görünmür.
Məsələ orasındadır ki, yürütdüyü müstəmləkəçi siyasətini korrektə etmək, şağdaş sivil siyasətə üstünlük vermək əvəzinə, Fransa Yeni Kaledoniyadakı azadlıq uğrunda mübarizədə Azərbaycanı ittiham edir. Düzdür, Azərbaycan bəlkə də XXI əsrdə neokolonializm siyasətinə qarşı çıxış edən yeganə dövlətdir. Azərbaycan Bakı Qoşulmama Hərəkatına sədrliyi zamanı bu məsələni mütəmadi qaldırıb, bir çox ölkələrin geniş dəstəyini alıb, həmçinin göstərilən səylər güclü dövlətlərin müstəmləkə siyasətinin bütün ağrı-acısını öz üzərində hiss etmiş xalqlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb. Ancaq bu, o demək deyil ki, Azərbaycan Yeni Kaledoniyadakı etirazlara hansısa formada dəstək verir. 
Yeni Kaledoniyada baş verənlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq istəyən Paris  Azərbaycanın ünvanına ittihamlar səsləndirərək ölkəmizin küçələrdəki iğtişaşlarda əli olduğunu iddia edir. Bu iddiaları təsdiqləyən heç bir konkret sübut təqdim olunmayıb. Bütün faktlar həmin bəyanatın siyasi motivli olduğunu göstərir. Fikir həmrəyinin siyasi, hərbi, maliyyə dəstəyi kimi yozulmasının heç bir siyasi anlamı yoxdur. Ona görə də demokratiya yolunu seçmiş ölkələrin yekun mövqeyi ondan ibarətdir ki, Fransa dünyada sülhün, ədalətin və bərabərliyin bərqərar olmasına hörmətlə yanaşmalıdır. Bir zamanlar dünyanın ən böyük müstəmləkəçi imperiyalarından biri olan Fransa nəzərə almalıdır ki, müstəmləkədə saxladığı dövlətlər üzərində təsirini tədricən itirməkdədir. Parisin səylərinə baxmayaraq, onun keçmiş müstəmləkələrinin olduğu regionlarda təsir gücü azalır. Bu, qlobal dekolonizasiya prosesinin bir hissəsi və keçmiş imperiyaların müasir dünyada rolunun yenidən qiymətləndirilməsi deməkdir. Çox təəssüf ki, Fransa da hələ də dərk etmir ki, Yeni Kaledoniyadakı etirazlar Parisin  müstəmləkəçilik siyasətinə yenidən baxılmasının və bu ərazidə yerli xalqların hüquqlarına hörmət edilməsinin zəruriliyini diktə edir. Yanlış siyasətin  Fransanın beynəlxalq imicinə mənfi təsir edəcəyi şübhə doğurmur.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31