Ermənistanla Azərbaycan arasında danışıqlar ikili aparılmalıdır- ÖZƏL

"44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan öz ərazisini işğaldan azad etdi. Həm de-fakto, həm də de-yure öz suverenliyini bərpa etdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib:

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün böyük güclər təşəbbüs göstərir. Sülh sazişinin imzalanması üçün vasitəçi kimi Moskva, Brüssel və Vaşinqton təşəbbüs göstərirdi. Təəssüflər olsun ki, bu beynəlxalq müstəvidəki görüşlərin və danışıqların hamısı fiaskoya uğradı. Ona görə ki, Ermənistan Qərbdən, ABŞ-dən aldığı təlimatla Rusiya ilə körpüləri yandırdı, Rusiya formatını oyundan kənara çıxartdı. Brüssel və Vaşinqton formatı isə neytrallığını itirdi. Açıq şəkildə Ermənistana dəstək verməklə Azərbaycana təzyiq edirdilər. Onların vasitəçiliyi qərəzlə nümayiş olunurdu. Belə olan təqdirdə Azərbaycan tərəfi açıq şəkildə bəyan etdi ki, Ermənistanla Azərbaycan arasındakı sülh sazişinin imzalanması üçün danışıqların  ikili şəkildə aparılması məqsədəuyğundur. Sentyabr hadisələrindən sonra Azərbaycanla Ermənistan arasında danışıq bir qədər dayandırıldı. Bu yaxınlarda Münhendə Azərbaycan Prezidenti ilə   Ermənistanın Baş Naziri arasında bir görüş oldu. Bu görüş üçün  Almaniya kansleri Olaf Şolts  tərəfindən təşəbbüs göstərildi. Azərbaycan Prezidenti ilə Ermənistanın Baş Naziri ikili görüşərək müzakirə etdilər. Orda qərarlaşdırıldı ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri danışıqlara başlasın. Təbiidir ki, Almaniyada aparılan  nazirlərin görüşündə bir neçə məsələlər müzakirə olunub.  Azərbaycan öz mövqeyini bildirib ki, 8 kəndimizin qaytarılması vacib məsələdir. Danışıqlar başlayıb və ikili formatda vasitəçisiz olaraq keçirilir. Ev sahibi olaraq Almaniya təşəbbüs göstərir. Ümumilikdə bəzi Qərb mətbuatı, ekspertləri Almaniyanın yeni vasitəçi kimi gündəmə gəlməsini təqdim etmək istəyirlər. Bu, qəbuledilməzdir. Çünki, Avropa Birliyi adına Brüssel danışıq müstəvisində söhbətlər aparılırdı. Avropa Birliyində aparıcı dövlət isə Fransa, Almaniyadır ki, bunlar da bəzi platformalarda Azərbaycan əleyhinə qərarlar qəbul edilməsində təşəbbüs göstərirlər. AŞPA-da Azərbaycan əleyhinə qərarın qəbul edilməsinin təşəbbüskarı da Almaniyanın nümayəndələri olub. Almaniya BMT-nin Təhlükəsizlik Şurasının ümumi iclasında Azərbaycan əleyhinə mövqe bildirdi. Onların mövqeyi nə beynəlxalq hüquqa, nə də siyasi reallıqlara söykənirdi. Ümumilikdə başda ABŞ olmaqla Qərb koalisiyası, Avropa Birliyi açıq şəkildə Ermənistana dəstək verirlər və Ermənistanın, Paşinyanın əlini gücləndirmək üçün hər vəchlə dəstək verirlər. İstər maliyyə yardımı, istər silah verilməsi, istər siyasi dəstək olsun, açıq şəkildə Paşinyanın əlini gücləndirmək istəyirlər ki, Paşinyan uzun müddət hakimiyyətdə qalsın, Paşinyan üzərindən Cənubi Qafqazda stabilliyi pozsunlar. Cənubi Qafqazda xaos olarsa, Qərb Cənubi Qafqaza girə bilər və Cənubi Qafqazı öz təsirinə sala bilər. Cənubi Qafqazda aparıcı dövlət Azərbaycandır. Azərbaycan Qərbin əlində alətə çevirilərək Rusiya ilə düşmənçilik siyasəti yeritmək istəmir. Regionun aparıcı dövləti olaraq region dövlətləri ilə balanslaşdırıcı siyasət yeridir. Azərbaycan qonşuluq münasibətində "dinc yanaşı yaşama" prinsipinə daha çox üstünlük verir. Ümumilikdə Avropa Birliyi münaqişələrin həllində vasitəçilik etmək istəyirsə, öncə Avropanın mərkəzində olan Ukrayna-Rusiya savaşını sakitləşdirsinlər. Ukrayna-Rusiya savaşının hərb yolu ilə həlli qeyri-mümkündür. Bu məsələdə Qərb dövlətləri Ukraynanı qızışdıraraq münaqişənin uzanmasında daha çox təşəbbüs göstərirlər. Bizim bir məsələmiz var: "Özünə umac ova bilmirsən, başqasına əriştə kəsirsən". Məsələnin sülhlə həll olunmasına vasitəçilik etsə daha yaxşı olar, nəinki Qafqazda təxribat ocağı yaratmaq. Cənubi Qafqazdakı problemi Cənubi Qafqaz Respublikaları öz aralarında həll edə bilər. O cümlədən də, Ermənistanla Azərbaycan arasındakı danışıqların ikili halda, vasitəçisiz aparılması məqsədəuyğundur. Bu ərazi sərhəddə də ola bilər, Gürcüstan da ola bilər. Çünki, Gürcüstan Qafqaz Respublikası olaraq həm Ermənistan, həm Azərbaycanla sərhəddir. Gürcüstan qlobal geosiyasi məsələlərdə iddiaçı dövlət deyil. Bu baxımdan Gürcüstan bu prosesdə neytral dövlət olaraq ev sahibliyi edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31