Həyat bir cəngəllik qanununa bağlıdır

Azər Qismət:" Öz xarakterinlə getsən, hər an didib-parçalamağa çalışacaqlar" 

"Bir virus da yayılıb, xarici ədəbiyyatı təbliğ etmək. Fotolarını çəkib paylaşırlar ki, "bunu oxuyuram", yəni mən elə-belə adam deyiləm."

Əlinə qələm alan hər kəs "yazar" ola bilər. Yazıçı isə gözlə görülə bilməyənləri sözlə ifadə edə bilən kəsdir. O İçdən  yazıçıdır..içdən  jurnalist və  ziyalı...Ətrafı  qaynar  qazan  olsa  da  tək  qalmağı, öz  dünyasına  çəkilməyi  sevir."Başa  düşülməməkdənsə tək  qalmaq  daha  yaxşıdır" deyir.. Hekayə və novellaları, romanları təkcə  Azərbaycanda deyil,  xarici  ölkələrdə də  öxunur və  sevilir...Publisist, yazıçı , AzTV-nin Ədəbi-dram üzrə baş redaktoru   Azər Qismətdir müsahibimiz...

-Azər Qismətin gözündə və özündə yazıçılıq nədir?

-Azər Qismətin özündə və gözündə,ümumiyyətlə bütün varlığında yazıçılıq böyük məsuliyyət deməkdir. Necə ki, efir müqəddəsdir və hər verilişi orada göstərmək olmaz, nəsr sənəti də mənim üçün müqəddəsdir. Efirin müqədəss olması barədə qocaman müəllimlərimiz az qala hər gün qulağımıza pıçıldayırdılar. O ki qaldı yazıçılığa... Markes dəqiqliklə demişdi ki, yazıçının inqilabi borcu yaxşı yazmaqdır. İnsan həyatda necə məsuliyyətsiz və fırıldaqçıdırsa, bu onun əsərlərində də duyulur. O gün bir kitab oxuyurdum, dördüncü səhifədə qəhrəmanın daz olduğu yazılıb. 83-cü səhifədə isə oxuyuram ki, qəhrəman barmaqlarını gur saçının arasına salıb arxaya etdi. Niyə belə yazıb? Çünki məsuliyyətsizdir. Yaxud, kitab başdan-ayağa hərf səhvləri ilə doludur. Sovet vaxtının məsuliyyətli korrektor və redaktorları da o hərf səhvlərini gözdən qaçırardılar. Amma sonda ağ kağız yapışdırardılar ki, filan səhifədə hərf səhvi var. Uzaqbaşı, 2-3 səhifədə. İndi səhvlər  boydandır. Bundan həm də o nəticə hasil olur ki, müəllif əsərin dərc edilməsinə tələsir. Trenddən geri qalmasın. 
-Nə trend?
-Ədəbiyyat trendi. Axı indi çox adam şair-yazıçı olmaq istəyir. Çox yazmağın zərəri o səbəbdən yoxdur ki, insana qadağan etmək olmaz,  adam deyər ki, ürəyim istəyir yazıram. Məsələnin başqa tərəfi ondadır ki, çox əsər ədəbi zövqü də korlaya bilər. İndi Komedixana-ya gülən gənclik, Sabit Rəhman, Rüfət Əhmədzadə, Əhməd Orucoğlu satirasını tuta bilmir. İnsan ömür boyu vəzifədə işləyir, təqaüd vaxtı əsərlər yazır. Amma əvvəlki məmurlar bunu evlərdə gizli yazardılar, üzə çıxarmazdılar ki, İsa Hüseynovdan, Mirzə İbrahimovdan, Əli Vəliyevdən, İsmayıl Şıxlıdan ayıbdır. 

-Həkim olmaq üçün hamı eyni dərsi alır, uğurlu mühəndis olmağın yolları müəyyən biliklərdən keçir, hüquqşünas olan kəs qanunları əzbər bilir. Necə düşünürsünüz, yazmağın bir qanunu, dərsi varmı? Hər yazıçının yazarkən keçirdiyi hislər eynidirmi? 

-Əlbəttə ki, eyni deyil. Qəddar, sentimental, öz kölgəsdindən qorxan yazıçı olur. Biri cəsarətlə hisslərini ifadə edir, digəri qorxa-qorxa düşünür ki, buna cəmiyyət nə deyər. Yəni yazıçılıq öz həyəcanlarını açıb-ağardanlardan, "cəmiyyət, tanıdığm adamlar nə deyər" düşüncəsi ilə yazanlardan ibarətdir. Yazıçı da var ki, quru yazmağı sevir. Belə yazıçılar da oxunur, onlar üçün süjet xəttinin hara aparılıb çıxarılması əsas şərtdir. Bəzən əsərdə gözəl mövzu olmur, lakin obrazların həyəcanı, düşündükləri o əsəri gözəlləşdirir. Bəzən kimsə deyir ki, filan yazıçı birinci yerdədir. Bu bəyanatı verməyin özü qusurludur. Heç kim birinci deyil. Bu bəyanat veriləndə ora "mənim subyektiv fikrimdir" ifadəsi də əlavə edilsin. Riyaziyyat deyil ki, 2+2= 4 olsun. Bir dəfə bir oxucu yazmışdı ki, sizin yalnız bir hekayənizi bəyənirəm. Mənə maraqlı gəldi. Əsər bir xəyanətkar qadından idi. Sonra öyrəndim ki, oğlu  xəyanətə məruz qalıb. Deməli, oxucular həm də öz istəklərinə uyğun olan əsərləri bəyənirlər. Söhbət adi oxucudan gedir. 

-Bir  müsahibənizdə "qapalı insanları yaratmaq Tanrının incik vaxtına düşüb" demisiniz. Bəs sizin heç Tanrıdan incidiyiniz olubmu?

-Tanrıdan dəfələrlə incimişəm. Şəxsi və maliyyə məsələsində, hər işim daşdan çıxanda. Dəfələrlə olub. Amma müdriklik gəldikcə, anlayırsan ki, hər şey xeyirliyədir. Gənclik illərimdə bir qıza vurulmuşdum, evlənmək istəyirdim. Alınmadı. Çox pis oldum. İllər keçdi, o qızı gördüm. Mənim sevdiyimdən əsər-əlamət qalmamışdı, o qədər vulqar idi ki. Və pıçıldadım: "İlahi, məni bu məsələdə qorumaq istəmisən, anlamamışam, məni bağışla". İndi adamlar motivasiya kitabları oxuyurlar ki, evrenə xoş sözlər ötürsünlər. Bəzən bunu o qədər aşırı edirlər ki. Motivasiya kitabları həm də insanları bir-birinə yadlaşdırmaq üçün düşünülüb. Məsələn, yazırlar ki, neqativ adamlardan uzaq durun. Nəticədə bir az qəmli adamlardan uzaq dururlar, o adamlar daha da tənhalaşır. 

-Ümumilikdə Azərbaycan ədəbiyyatı sizcə, günümüzdə nə dərəcədə populyardır?

-Azərbaycan ədəbiyyatında ciddi imzalar, ciddi əsərlər var. Sadəcə, özümüzü bəyənmirik də. Bu da bir virusdur da, düşüb nasirlərimizin arasına. Çox vaxt yazıçılar bir-birini bəyənmir, daha doğrusu, bəyənir, sadəcə elə hey vurmaqla, görməzdən gəlməklə unutdururlar,  gözdən salırlar, oxucular da çiyrinir. Nəticədə ümumi oxucu azlığı yaranır. Yaxud rəhmətə gedən yazıçıların əsərlərindən yazırlar. Sağ deyil, deməli rəqib də deyil. Bir virus da yayılıb, xarici ədəbiyyatı təbliğ etmək. Fotolarını çəkib paylaşırlar ki, "bunu oxuyuram", yəni mən elə-belə adam deyiləm. Sonra soruşursan ki, əsəri oxumusan? Məlum olur ki, oxumayıb. Bir də başqa virus da yayılıb ki, oxucu müəllifin şəxsiyyətinə görə kitabını alır. Bir sıra xarici ölkələrdə olanda fikir verdim ki, onların oxucuları üçün müəllifin şəxsiyyəti əsas deyil. Əsərdən zövq almaq üçün alıb oxuyur. 

-Bəzən adama elə gəlir ki, siz bu  dünyanın insanı deyilsiniz. Amma həm də məhz bu  dünyanın adamısınız...Hansı  hallarda  özünüzü bu dünyanın qəribi hesab  edirsiniz?
  

-İndi çox qəribəm. Bəlkə də dövrlə bağlıdır. Ağac əkirəm, deyirlər fərqli adamsan. Axşamlar cizgi filminə baxıram, qayıdırlar ki, nə qəribə adamsız. Aldatmıram, məsləhət görürlər ki, "aldatmasan, yaşaya bilməzsən". Konkretəm, deyirlər ki, "bır az məsələni uzat". Qəribə tendensiyalar çıxıb, bu da məni qəribləşdirir. Ona görə öz hücrəmıə çəkilirəm. 

-Bəzi hekayələrinizdə bəzən bir  cəmiyyətin yox, bir dünyanın dərdini əhatə  edirsiniz. Bu qədər əhatəli düşüncələri bir əsərə necə sığışdıra bilirsiniz?
  

-Belə xoş sözlərə görə çox sağ olun. Bir hekayədə çox məsələləri əhatə etməyim bəlkə də televiziya işimə görədir. Televiziya dili konkret olur axı. Həm də səbrim yoxdur ki, çox təsvirə yol verim.

-İnsanların çoxu özünə xəyanət etdiyini  deyir. Siz də deyirsiniz...Yaxşı, niyə insanlar  özlərinə xəyanət edirlər ki?

-Məncə, insanlar özlərinə məcburiyyətdən xəyanət edirlər. Ya məşğul olduğu işlə bağlı, ya daxilindəki təmizliyə görə. Təmiz insandır, lakin müasir dövrlə uyğun gəlmir, başlayır özünə xəyanət etməyə. Bu elə mövzudur ki, özünə xəyanət  müxtəlif situasiyalarda üzə çıxır. Həyat bir cəngəllik qanununa   bağlıdır. Öz xarakterinlə getsən, hər an didib-parçalamağa çalışacaqlar.

ZEYNƏB RZAYEVA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31