Minlərlə azərbaycanlının taleyi haqqında hələ də məlumat yoxdur
1 Mart 2024 10:10 SiyasətErmənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq göstərilməlidir
Ermənistan 30 illik işğalçılıq siyasəti dövründə bəşəriyyətə və insanlığa qarşı saysız-hesabsız cinayətlər törədib. Bu cinayətlər sırasında Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın azərbaycanlının itkin düşməsi və onlara qarşı qeyri-insani rəftar xüsusi yer tutur. Ardıcıl olaraq işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar edilməsi həmin faktları bir daha təsdiqləmiş olur. Çox təəssüf ki, Ermənistan hələ də onların taleyi haqqında heç bir məlumat vermir. Məsələyə münasibətini bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qeyd edib ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunduqdan sonra erməni vəhşiliyi faktlarla ortaya çıxır: "İşğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar edilməsi də bunu təsdiqləyir. Belə ki, ilk olaraq Fərrux yüksəkliyində, Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkar edildi. Daha sonra, Kəlbəcərin Başlıbel kəndində, Şuşa türməsinin ərazisində, Ağdam rayonunda, Kəlbəcərdə də belə məzarlıqlar üzə çıxarıldı. Bu yaxınlarda isə Xocalı soyqırımının qurbanlarının bir hissəsinin kütləvi basdırıldığı ərazi aşkarlandı. Bütün bunlar erməni vandalizminin göstəriciləridir. Kütləvi məzarlıqda aşkar olunan cəsədlərdə zorakılıqlar aşkar olunub, inanlar əli qandallı basdırılıblar. Bütün bunlar ermənilərin insanlığa qarşı cinayətləridir. Müvafiq qurumlar DNT analizi vasitəsilə həmin cəsədlərin kimə məxsus olduğunu müəyyən edilir. Artıq onların bəziləri müəyyən edilərək doğmalarına təhvil verilib". Millət vəkilinin sözlərinə görə, Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır. Bugünlərdə Xocalı soyqırımının qurbanı olan bir neçə nəfərin cəsədlərinin kütləvi məzarlıqda aşkarlanması da bunu təsdiqləyir.
Sevinc Fətəliyeva qeyd edib ki, insanlığa qarşı törədilmən bu cinayətlər cəzasız qalmamalıdır və qalmır. 44 günlük Vətən müharibəsində xalqımıza qarşı cinayətlər törətmiş ermənilərin bir qismi öz cəzalarını aldılar. Eləcə də, ötən ilin sentyabr ayında Qarabağda keçirilmiş antiterror tədbirləri zamanı separatçılar diz çökdürüldü, onların başçıları həbs olunaraq Bakıya gətirildilər. Bu canilər törətdikləri cinayətlərə görə cavab verəcəklər: "Lakin minlərlə azərbaycanlının taleyi haqqında hələ də məlumat yoxdur. Ermənistan tərəfi bu məlumatları verməlidir. Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq göstərilməlidir. Çünki itkin düşmüş azərbaycanlıların taleyi haqqında məlumat vermək rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər sırasındadır. Bununla belə, itkin düşmüş həmvətənlərimizin taleyi ilə bağlı dövlətimiz bütün imkanlardan istifadə edir". Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ötən dövr ərzində, eləcə də Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb: "Eyni zamanda dövlət başçısının uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu günbəgün artırır. Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan ölkəmizin nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fərqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi üçün seçilməsi isə Azərbaycan Prezidentinin növbəti qələbəsidir. Dövlətimizin başçısı bu təşəbbüsü ilə ölkəmizin qüdrətini bir daha dünyaya nümayiş etdirdi və beynəlxalq aləmdə böyük etimad qazandığını göstərdi".
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir: "Məlumdur ki, bu istiqamətdə dövlətimiz tərəfindən mühüm layihələr həyata keçirilir. Məhz buna görə Prezidentimiz işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsini "yaşıl enerji" zonası elan edib. Hazırda bu ərazilərdə görülən işlər qürurvericidir. Əlbəttə ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu fəaliyyətini görür və dəyərləndirir. Biz şahidi olduq ki, Münhen Təhlükəsizlik Konfrasında dünya ölkələrinin və beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər Azərbaycan Prezidenti ilə görüş üçün müraciətlər edirdilər. Görüşlərdə əsas mövzulardan biri də COP29-la bağlı idi. Bu mötəbər tədbirlə bağlı ölkəmizlə əməkdaşlıq təklif olunurdu, Azərbaycana olan inam ifadə edilirdi. Bütün bunlar onu göstərir ki, bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibi genişləndirilib və inklüzivlik təmin edilib. İqlim dəyişmələri və ekoloji problemlər öz təsirini hər bir sahəyə göstərir. Bu baxımdan, Təşkilat Komitəsində hökumət üzvlərinin yer alması təbii qanunauyğunluqdur. Eyni zamanda millət vəkilləri də Təşkilat Komitəsində təmsil olunur. Çünki mütəmadi olaraq ekoloji sahədə qanunvericiliyin tənzimlənməsinə və təkmilləşdirilməsinə ehtiyac yaranır. Əsaslı məqamlardan biri isə burada vətəndaş cəmiyyətinin təmsil olunmasıdır. Nəzərə alaq ki, ekologiya və ətraf mühitlə bağlı problemlərlə məşğul olmaq təkcə hökumətin və qanunverici orqanın işi deyil. Bu, hər bir vətəndaşın məsuliyyətidir. Çünki ekologiyanın, ətraf mühitin qorunması bütövlükdə cəmiyyətin hər bir fərdindən də asılıdır. Ona görə də vətəndaş cəmiyyəti tərəfindən bu yöndə maarifləndimə işlərinin aparılması olduqca zəruridir".
Alim