Azərbaycan AŞPA-nı tərk edə bilər- Dövlət başçısının siyasi iradəsi
1 Mart 2024 12:48 Siyasətİkili standartların hökm sürdüyü Aİ Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir
Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət daim qətiyyətliliyi və çevikliyi ilə sezilib. Bunun üzərinə dövlət başçısının siyasi iradəsinin əlavə edilməsi isə ölkəmizə qarşı yönəlik təhrik və təzyiqlərin, çirkli niyyətlərin qarşısına sipər çəkir. Etiraf edilməlidir ki, 44 günlük Vətən müharibəsi dövründə prezident İlham Əliyevin yürütdüyü xarici siyasət, ölkənin informasiya blokadasından çıxarılmasına hesablanmış çoxsaylı müsahibələri Azərbaycanın başının üstünü almış qara buludun tamamilə darmadağın edilməsilə nəticələndi. Ölkə başçısının cəsarətli açıqlamaları, dünyanın güc mərkəzlərinin, eləcə də beynəlxalq təşkilatların ikili standartlarını faktlarla ortaya qoyması bizə qarşı tuşlanmış yad təsirləri tamamilə zərirsizləşdirmiş oldu. Vətən müharibəsində zəfərimizin açarlarından ən mühümünün də məhz dövlət başçısının siyasi iradəsi və cəsarəti nəticəsində ölkəmizə qarşı olan məkirli qüvvələrin yerində oturdulması olduğunu desək, heç də fikrimizdə yanılmarıq. Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra da mötəbər beynəlxalq tribunalardan Azərbaycanın dövlət və milli maraqları naminə cəsarətli çıxışlarında həqiqətlərin ortaya qoyulmasının şahidi olmuşuq.
Elə prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər dediklərimizi bir daha təsdiq edir. Əvvala qeyd edək ki, Almaniya kimi inkişaf etmiş Avropa dövlətinin geniş tərkibdə aparıcı şirkət rəhbərlərindən ibarət heyətin Azərbaycana səfəri ölkəmizə artan marağın bariz nümunəsidir. Başqa sözlə, artıq Avropanın inkişaf etmiş dövlətləri də etitaf edir ki, Azərbaycanin iqtisadi potensialı kifəyət qədər genişdir və əməkdaşlıq üçün real imkanlar mövcuddur. Dünya iqtisadiyyatında böyük payı olan Almaniya şirkətlərinin rəhbərləri Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirildiyini etiraf edir, yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qəbul edirlər. Bu baxımdan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində təşkili Almaniyanın sülh prosesinə konstruktiv yanaşmağa çalışdığını göstərir. Yeri gəlmişkın qeyd edək ki, Almaniyadan fərqli olaraq Avropada hegemonluq iddiasında olan Fransa isə təcavüzkar dövlət olan Ermənistanı silahla təmin etməklə Cənubi Qafqazda münaqişə ocağını qızışdırmağa çalışır.
Bu arada isə hələ də ikili standartların hökm sürdüyü Avropa İttifaqı Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməyərək saxta məlumatlar əsasında ittihamlar irəli sürür. Nə qədər qəribə olsa da, belə bir "mötəbər" təşkilat saxta feyk xəbərlərə əsaslanaraq guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı bəyənatlar səsləndirir. Başa düşmək olmur ki, Avopa İttifaqının ekspert və mütəxəssisləri hansı siyasi-analitik təhlilə əsaslanaraq feyk xəbərlərini əsas gətirərək bəyənatlar açıqlayırlar. Məhz belə saxta məlumatların heç bir əsası olmadığını dünya ictimaiyyətinə çatdırılmasına ehtiyac var di ki, prezident İlham Əliyev sözügedən görüşdə məsələyə aydınlıq gətirdi: "Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır".
Dövlət başçısı fikrini davam etdirərək qeyd edib ki, Fransanın, Avropa İttifaqının Ukraynanı ərazi bütövlüyünü təmin etmək üçün müdafiə etdiyi bir şəraitdə tam tərsinə, ərazi bütövlüyünü təmin etdiyinə görə Azərbaycanı günahlandırması anlaşılmazdır: "Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?! Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik".
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Vaxtilə ATƏT-in Minsk qrupunda olmuş Fransa, ABŞ və Rusiya Azərbaycanı öz yolundan döndərmək üçün illərlə müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, Azərbaycan öz torpaqlarımızı azad etsin. Rusiya artıq reallığı qəbul etsə də, ABŞ və Fransa hələ də inad edir. Halbuki, bu ölkələr Cənubi Qafqazın aparıcı ölkəsi, ən böyük iqtisadiyyatına, ordusuna malik, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləmək yolunu tutmalıdırlar.
Göründüyü kimi dövlət başçısının açıqlamaları dünyanın güc mərkəzlərinin və beynəlxalq təşkilatların Cənubi Qafqaza, xüsusilə Azərbaycana qarşı qərəzli münasibətini çılpaqlığı ilə ortaya qoyur. Buna baxmayaraq dövlət başçısının da, xalqın da qətiyyətli mövqeyi ondan ibarətdir ki, heç bir qüvvə Azərbaycanı tutduğu mövqedən çəkindirə bilməz. Çünki ölkəmizin istəyi dövlətimiz və millətimizin maraqları əsas tutulmaqla, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə nail olmaqdır.
Alim Hüseynli