İlham Əliyevin 20 illik fəaliyyət dövrü Azərbaycan üçün böyük uğurlarla yadda qaldı - ÖZƏL

"Heç şübhəsiz ki, bu qədər geniş bir görüş auditoriyasının olması və ümumilikdə prezidentə olan diqqət həqiqətən də təqdirəlayiqdir". 

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Aydın məsələdir ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyət dövrü Azərbaycan üçün böyük uğurlarla yadda qaldı. Həm müxtəlif sahələrdə inkişaf dinamikasından, həm ölkə daxilindəki sabitlikdən, həm də ki, torpaqların işğaldan azad olunması məsələsi baxımından diqqət çəkir və təbii olaraq da prezidentin diplomatik arenadakı təmasları və bu 20 il ərzində qurduğu dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri özünü daha çox bu tipli platformalarda qabarıq şəkildə göstərir. Misal üçün, ölkə başçısının son üç il ərzində Münhen Təhlükəsizlik Konfransındakı səfərləri və konfranslarda ayrı-ayrı panel iclaslarında iştirakı, müxtəlif dövlət başçıları, maliyyə mərkəzləri ilə təmaslar qurması və onların ölkəmizə və cənab Prezidentə maraqlarının artması bir çox məsələlərdə əslində dəyişikliklərin olduğunu göstəricidir. 

Hər şeydən öncə onu deyim ki, bu gün Azərbaycanda siyasi sabitlik var. Siyasi sabitliyin olduğu ölkələrdə isə daha çox investisiya yatırmağa maraqlı olurlar. İkinci məsələ, Azərbaycan dövlətinin xarici investorlar və belə deyək, banklara, investorlara və maliyyə mərkəzlərinə güzəştləri mövcuddur ki, bu dövlət proqramı çərçivəsində elan edilib və ən nəhayətində, ən önəmlisi, heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərin bərpa prosesi və bu prosesdə iştirak etmək üçün rəsmi Bakının şərtləri yumşaltması və etibarlı tərəfdaşlara qapıları açması məsələsidir. Bəli, biz bu prosesin ən sürətli və ən tez bir zamanda yekunlaşması üçün bu tipli maliyyə mərkəzləri və investorlara müraciət etmişik və bu gün də əslində görüşlərin keçirilməsi, görüşlərdə daha çox qeyd etdiyimiz kateqoriyadan insanların prezidentlə bir araya gəlməsi və görüş istəməsi ondan xəbər verir ki, prosesdə ciddi bir beynəlxalq səviyyədə maraq var və maraq çərçivəsində görüşlər keçirmək istənilir. Qeyd etdiyim kimi, burada prezidentin nüfuzu və Azərbaycan dövlətinin yaratdığı şərait olduqca önəmlidir və xüsusi qeyd edilməlidir. 

Təbii ki, siyasi baxımdan da baxdıqda prezident İlham Əliyevin xarici siyasətində ən önəmli yerdə ədalət prinsipi dayanır. Çünki Azərbaycan özü 30 il ərzində ikili standartlara, dini ayrı-seçkiliyə, tərəfkeşliyə və bir sıra digər ayrı seçkilərə məruz qalıb. Və xüsusilə torpaqların işğaldan işğal dönəmində biz bu ayrı-seçkilərə məruz qalıb və xüsusilə biz torpaqların işğal dönəmində bu ayrı-seçkiliyi, ikili standartları ən yaxından görmüşük. Amma Azərbaycan istər pandemiya dövründə, istər Qoşulmama Hərəkatına lideri etdiyi dövrlərdə cənab prezidentin çıxışları ilə bir daha dünyada vaksin millətçiliyinə, bundan əlavə, üçüncü və ikinci sinif adlandırılan ölkələrin münaqişələrinin dilə gətirilməməsinə, süni şəkildə dondurulmasına çalışıldığını qeyd edib. 

Bundan əlavə, Qərbi Avropada özünü demokratik dəyərlərin qoruyucusu və himayədarı hesab edən Fransa kimi ölkələrin əslində neokolonialist, islamofob və antisemitist siyasətçilərinin açıq aşkar-qeyd edilməsi kimi nüanslar təbii ki, dünya liderlərinin də diqqətindədir və Azərbaycan prezidentinin bu cür cəsarətli çıxışları, atdığı addımlar təbii olaraq qarşılıq görür və bunu da biz həm siyasi-diplomatik, həm də bu panel iclaslarında görüşmək istəyən güc mərkəzləri, maliyyə mərkəzləri, bank nümayəndələri və investorlar fondunda da görə bilirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31