Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir- ÖZƏL

"Tarixi Zəfərimiz Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirdi, yeni hədəflərin müəyyənləşdirilməsinə yol açdı. İki ölkə arasında Ortaq Media Platformasının yaradılması şanlı Qələbəmizdən sonra atılan addımlardandır". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Nurlan Həsənov qeyd edib ki, Azərbaycan və Türkiyə mütəmadi olaraq bəzi dairələrin əsassız təbliğatları ilə üz-üzədir: "Hər iki ölkənin diasporunun birgə fəaliyyəti nəticəsində  bu kimi cəhdlərin qarşısı ədalətə və beynəlxalq hüquqa söykənən, tarixi həqiqətləri özündə ehtiva edən təbliğatımızla alınır. Hazırkı dövrdə iki qardaş  ölkənin  mətbuat orqanlarının birgə fəaliyyətinə də böyük zərurət duyuldu. Ortaq Media Platforması hədəflərin reallığa çevrilməsinə öz töhfəsini verir. Cənab İlham Əliyevin bu səfəri çərçivəsində isə Azərbaycan-Türkiyə Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı.  Artıq göründüyü kimi, Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Belə bir universitetin yaradılması gələcəyə çağırışdır. Bu baxımdan ki, gənclərimizin Azərbaycan-Türkiyə qardaşlığına,  dostluğuna öz töhfələrini vermələri üçün  imkanları artır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31