Azərbaycan siyasəti qlobal səviyyədə bəyənilir və təqdir edilir-Elmir Səftərov- ÖZƏL
22 Fevral 2024 13:22 Siyasət"İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin nüfuzu artmağa başladı və Azərbaycan beynəlxalq miqyasda daha cəlbedici ölkəyə çevrildi. Bunu andiçmə mərasimində dövlətimizin başçısı da öz çıxışında "Biz heç kimdən heç nə xahiş etmirik" ifadəsini səsləndirərək Azərbaycanın dünyadakı önəminə diqqət çəkdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:
"Nüfuzlu dövlətlərin dondurmaq istədiyini münaqişəni təkbaşına, bütün təzyiqləri nəzərə alaraq həll edən Azərbaycan bu addımı ilə güclü və iradəli dövlət olduğunu bütün dünyaya göstərdi. Ardınca başda Fransa olmaqla Qərb dairələrinin anti-Azərbaycan siyasəti, ölkəmizi sanksiya və müxtəlif çəkindirici vasitələrlə çəkindirmək cəhdləri baş tutmadı və suverenliyimizi bərpa etdik. Bu da Azərbaycana qarşı güclü təzyiqlər demək idi. Lakin Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş və uğurlu xarici siyasət nəticəsində Azərbaycan öz iradəsini diqtə etdi və xalqın da liderinin ətrafında birləşməsi qurulan bütün planları alt-üst etdi. Ona görə də Qərb dairələrinin bunu asanlıqla qəbul etməyəcəyi dəqiq idi, bu baxımdan da beynəlxalq təşkilatlardakı əsassız iddihamların, anti-Azərbaycan siyasətinin, erməni sevgisinin son zamanlar daha çox şahidi olmaqdayıq. Ermənistan da bu cür imkanlardan istifadə etmək üçün Azərbaycanın olmadığı konfranslarda, görüşlərdə daha çox dəstək qazanmaq məqsədi güdürdü, amma gözləntiləri özünü doğrultmadı. Münxen Təhlükəsizlik Konfransı da bu qəbildən idi. Amma Ermənistan tərəfinin gözləntilərinin əksinə olaraq Azərbaycan Prezidentinin konfransda iştirakı və orada keçirdiyi görüşlər qarşı tərəfin müraciəti əsasında baş tutdu. Bu da Azərbaycanın qlobal səviyyədə artan nüfuzunun göstəricisi olmaqla bərabər, Prezident İlham Əliyevin də balanslı siyasətinin nəticəsi idi.
Bu gün Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. Region hüdudlarından kənara çıxan və artıq "orta güc" kateqoriyasında olan Azərbaycan çoxtərəfli diplomatiya həyata keçirərək, heç bir qüvvənin təsir dairəsinə düşmür və kiminsə təkidi ilə münaqişələrdə tərəf tutmur. Bu da ölkəmizin müstəqil siyasət yürütdüyünün əyani sübutudur. Bu səbəbdən də Azərbaycan siyasəti qlobal səviyyədə bəyənilir və təqdir edilir".