Prezidentin bu cür siyasi səriştəsinin olması Azərbaycan xalqının adına müsbət bir hal kimi dəyərləndirilməlidir - ÖZƏL
22 Fevral 2024 13:00 Siyasət"Azərbaycan prezidentinin həm son prezident seçiləndən sonra, ümumilikdə isə 2020-ci ilin Qarabağ savaşından sonra Azərbaycanın tutduğu strateji xəttə baxaraq, nüfuzunun hər gün artan xətlə davam etdiyini görürük".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Son dövrlər Qərbdən Azərbaycana qarşı olan təzyiqlər və təhdidlər fonunda Azərbaycanın beynəlxalq birliklərə inteqrasiyasının dərinləşdirilməsi də, əlbəttə, Azərbaycan Prezidentinin ortaya qoyduğu iradənin məhsulu kimi dəyərləndirilə bilər. Təbii ki, Münhen konfransı böyük, nəhəng bir konfransdır və qlobal təhlükəsizliyə töhfə verə biləcək bir konfransdır. Belə bir konfransda iki gün ərzində, yəni 48 saat ərzində 24 görüşün keçirilməsi təsadüfi deyil. Fiziki olaraq insanın buna gücü, imkanı çatmalıdır və Azərbaycan prezidentinin də bu addımı atması, təbii ki, rekord sayılacaq bir haldır. Təbii ki, yenə də mənim məlumatıma görə görüşmək istəyənlər olub. Amma təbii ki, vaxt məhdudiyyəti nəzərə alınaraq digər görüşlər baş tutmayıb.
Eyni zamanda, Macarıstanın xarici işlər nazirinin açıqlamasında ki, bu gün dünya liderləri Azərbaycan prezidenti ilə görüşmək üçün növbədə durur və vaxt istəyib, bu təsadüfi söz deyil, yəni boğazdan yuxarı deyilən sözlər deyil. Bu həqiqətdir, reallıqdır və bu gözlə görünəndir. Əlbəttə ki, o konfransda iştirak edən şəxslər bunun şahidi olduqlarına görə bu ifadəni işlədiblər. Bu, təbii ki, Azərbaycanın böyük bir uğurudur. Bu, təkcə Azərbaycan prezidentinin deyil, həm də Azərbaycan xalqının bir uğurudur. Çünki Azərbaycan prezidenti orada həm də Azərbaycan xalqını təmsil edir, Azərbaycan xalqının adından söz deyəcək şəxsdir. Onun bu cür nüfuzu, bu cür siyasi səriştəsinin olması Azərbaycan xalqının adına müsbət bir hal kimi dəyərləndirilməlidir.
Bütün bunları nəzərə alaraq mən hesab edirəm ki, son dövrlər artan nüfuzumuz daha da irəliləməkdədir. Bəzi dövlətlər, təbii ki, bizə qarşı olan münasibəti, o çirkin kampaniyasını davam etdirir. Amma bu hələ son demək deyil. Düşünürəm ki, qarşıdakı dövrdə bizim uğurlarımız çox olacaq. Bu seçilmiş strateji xətt Azərbaycanı daha işıqlı gələcəyə daşıya bilər və bu bir növ gələcəyimiz üçün bir təminat ola bilər".