Azərbaycanın bu fəaliyyətini yüksək qiymətləndirirlər-Sahil Kərimli-ÖZƏL
21 Fevral 2024 20:42 Siyasət"Azərbaycan dövlətinin qüdrəti artdıqca, dünya səviyyəsində də Azərbaycana maraq artır. Azərbaycan Cənubi Qafqazda mühim və əvəzedilməz söz sahiblərindən birinə, hətta deyərdim ki, birincisinə çevrilir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Son illər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin beynəlxalq miqyasdakı uğurları və beynalxalq miqyasda İlham Əliyevə göstərilən hörmət və ehtiramı xüsusi vurğulamalıyıq. Biz, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərdə də bir daha bunun şahidi olduq. Həmin konfransda iştirak edən dövlət və hökümət başçıları və aparıcı nüfuzlu şirkətlərinin rəhbərləri Prezident İlham Əliyevlə görüşməyə can atırdılar. Bu görüşlər baş tutdu. Xüsusilə də ABŞ-nin dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə görüşmək istədi və Prezident bu görüşü qəbul etdi. Görüş əsnasında Azərbaycan liderinə göstərilən hörmət və ehtiramın şahidi olduq. Bütün bunlar onu göstərir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən, öz bütövlüyünü tam bərpa etdikdən sonra dünyada xüsusi güc sahibinə çevirilib. Bu da beynəlxalq dairələr tərəfindən müsbət qarşılanır. Eyni zamanda Azərbaycan
Cənubi Qafqazın əsas güc sahibi, ciddi enerji resurslarına malik, böyük layihələrin müəllifi ölkə kimi daim önə çıxır və Avropanın, bir çox dünya ölkələrinin enerji təminatında ciddi rol oynayır. Bu da Azərbaycanı dünyada önə çıxarır.
Məlum olduğu kimi, bu il Azərbaycanda COP29 kimi əhəmiyyətli tədbir keçiriləcək və Azərbaycan buna ev sahibliyi edəcək. Azərbaycan bu sahədə də önəm daşıyan ölkədir. Beynəlxalq dairələr, dünya ölkələrinin rəhbərləri də Azərbaycanın bu fəaliyyətini yüksək qiymətləndirirlər və Azərbaycanla əməkdaşlığa can atırlar".