Azərbaycan öz milli maraqlarına uyğun olan siyasəti davam etdirməkdədir-Oqtay Qasımov- ÖZƏL

"Son bir neçə ay ərzində xüsusilə də bəzi Qərb mətbuatında, o cümlədən Ermənistan mətbuatında ardıcıl şəkildə belə fikirlər yayılırdı ki, guya Azərbaycan Rusiya ilə əlaqələri ciddi şəkildə  genişləndirib və Avropadan uzaqlaşmaq xətti həyata keçirir". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a  açıqlamasında bildirib:

"Bu kampaniya xüsusilə də son 6 ayda geniş vüsət alıb. Bunun da əsas səbəbi  Azərbaycanın keçirdiyi antiterror tədbirləri  və özünün ərazi bütövlüyünü, suverenliyini tam təmin etməsi ilə bağlıdır. Çünki, Azərbaycan bu addımları atmaqla bir çox böyük güclərin bölgə üzərində qurduğu planları iflasa uğratdı və yeni reallıqlar yaratdı. Bundan sonra Azərbaycanla bağlı bu cür əks-təbliğat və qarayaxma kampaniyası aparmağa çalışılırdı . Azərbaycan Prezidentinin andiçmə mərasimində də bu məsələlərlə bağlı fikir səsləndirildi. Azərbaycanın bu günə qədər apardığı siyasətin davam etdiriləcəyi, beynəlxalq səviyyədə dövlətlərlə münasibətlər, o cümlədən beynəlxalq təşkilatlarla əlaqələrin  bundan sonra daha da inkişaf etdiriləcəyi əsas xətt olaraq elan edildi. Təbii ki, burada prioritetlər elan olunmuşdur. Amma bu prioritetlərin müəyyən olunması o demək deyil ki, Azərbaycan Qərb və o cümlədən, Avropa təsisatları ilə münasibətləri zəiflətmək istəyir. Əslində bu yayılan fikirlər heç bir reallığı əks etdirmir. Sadəcə olaraq son 6 ayda bir çox Qərb dairələri, o cümlədən, Avropa təsisatları antiazərbaycan mövqe tutmaqla təzyiqlər etməyə çalışırdılar. Azərbaycanın iqtisadi forumunda, o cümlədən, Münxen Təhlükəsizlik toplantısında iştirak etməsi və yüksək səviyyəli görüşlər keçirilməsi həm ikitərəfli, həm regional, həm də beynəlxalq səviyyəli məsələlərin müzakirə edilməsi, xüsusilə də Avropa dövlətlərinin enerji təchizatı ilə bağlı məsələlər və Azərbaycanın bu istiqamətdə oynayacağı rolla bağlı müzakirələr bir daha onu göstərdi ki, Azərbaycan öz prinsiplərinə sadiqdir, beynəlxalq hüquqa, o cümlədən, qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasını istəyir. Özünün balanslı siyasətini davam etdirməkdə qərarlıdır. Azərbaycanın guya Qərbdən uzaqlaşması ilə bağlı söylənən fikirlər bir daha puç oldu. Çünki, Azərbaycanın Qərblə əlaqələri davam etməkdədir. Xüsusilə, nəzərə alsaq ki, Azərbaycan enerji daşıyıcılarının əhəmiyyətli hissəsi Avropa Birliyinin üzvləridir və bizim xarici ticarət dövriyyəmizdə Avropa İttifaqının və Qərbin əhəmiyyətli payı var. Bu baxımdan deyilənlərin uydurma, yalan, qarayaxma kampaniyası olduğu bilinirdi. Son 2 tədbirlə biz həmin kampaniyanın iflas olduğunu görürük. Azərbaycan öz milli maraqlarına uyğun olan siyasəti davam etdirməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31