Bundan sonrakı 100 illər ərzində də Azərbaycan-Türkiyə münasibətləri zirvədə qalacaqdır-Sultan Zahidov- ÖZƏL
21 Fevral 2024 12:42 Siyasət"Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfəri gözlənilən idi".
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Xatırlatmaq lazımdır ki, Türkiyənin Prezidenti ötən ilin mayında olan seçkilərdən sonra ilk rəsmi səfərini Şimali Kipr Türk Respublikasına, daha sonra isə Azərbaycana etmişdir. Azərbaycan Prezidenti də artıq dəfələrlə seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə həyata keçirib. Bu özü Azərbaycan-Türkiyə arasındakı qardaşlığın, dostluğun intensiv sürətdə artan əməkdaşlığının göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə arasında öqardaşlıq həmişə olub. Amma son 4,5 ildə baş verən-istər Türkiyənin İkinci Qarabağ müharibəsindəki dəstəyi, istər Şuşa bəyannaməsi, istər razılaşdırılan əməkdaşlıqlar olsun, bütün bunlar hamısı iki ölkə arasındakı səhifələrin qısa zaman kəsiyində yenilənməsini özündə ehtiva edir. Hər razılaşma yeni zirvə deməkdir. Bu görüşlərdəki intensivlik onu göstərir ki, biz hazırki münasibətləri gələcək nəsillərə də layiqi şəkildə ötürəcəyik. Bundan sonrakı 100 illər ərzində də Azərbaycan-Türkiyə münasibətləri zirvədə qalacaqdır. Bu görüşdə istər təhsil, kənd təsərrüfatı, iqtisadiyyat sahəsində mühüm sənədlər imzalandı. Əsas məsələ iki ölkə başçısının verdiyi mesajlardadır. Bütün dünyaya aydın oldu ki, Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və bu dostluq daha da möhkəmlənəcəkdir. İkinci vacib mesaj o oldu ki, Azərbaycan-Türkiyə birliyi nəinki regionun inkişafı sabitliyi, bütün Avrasiya məkanı üçün bir növ vacib faktordur. Burada ölkə başçısı demək istədi ki, Azərbaycan-Türkiyə birliyi Avrasiyanın Qərbindən Şərqinə və əks istiqamətdə gedən kommunikasiya xətləri üçün çox önəmli faktor rolunu oynayır. Orta dəhlizin artan əhəmiyyətini nəzərə alsaq, bu dəhlizin inkişafından bütün Avrasiya bir növ fayda götürəcəkdir. Bu baxımdan Azərbaycan Türkiyə birliyinin bütün Avrasiya üçün geostrateji əhəmiyyəti də nəzərdən keçirilməlidir. Başqa bir faktor ondan ibarətdir ki, Azərbaycan-Türkiyə birliyi həm də türk dünyasının aparıcı qüvvəsidir. Türk Dövlətləri Təşkilatının güclənməsində, qlobal aktora çevrilməsində bu birliyin çox mühüm əhəmiyyəti və rolu olacaqdır. Yeri gəlmişkən Türk Dövlətlər təşkilatı çox geniş coğrafiyanı özündə ehtiva edir, böyük əhali, böyük iqtisadi resurslar, geostrateji əhəmiyyət daşıyan coğrafi yerlərdən keçməsi və s. bütün bunlar hamısı təşkilatın qlobal aktora çevrilmə perspektivlərini real edir. Digər tərəfdən toxunulan məsələlər arasında Azərbaycan-Türkiyə arasında gələcək əməkdaşlıq məsələləri oldu. Bura xüsusilə də müdafiə sənayesində ortaq məhsul istehsal edən sənaye müəssisələrinin qurulması məsələsi, təhsil sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlarda bir-birinin mövqeyinin dəstəklənməsi kimi məsələlər var ki, bunlar onsuz da aydın idi. Prezidentin bildirdiyi kimi Azərbaycan ordusu artıq Türkiyə modelinə oturuşub. Azərbaycan və Türkiyə ordusu bir ruh kimidir ki, bu da böyük bir mesajdır. Necə ki, bu günə kimi Azərbaycan və Türkiyə xarici təhdidlərə qarşı bir-birini dəstəkləyib. Bundan sonra da bu dəstək belə davam edəcək. Azərbaycana olan bir təhdid Türkiyəyə bir təhdiddir və həmçinin əksinə. Bütün sahələrdə olduğu kimi bu iki ölkə hərbi, müdafiə sahəsində də daim bir-birinin yanında olacaqlar".