Biz yeni bir dünya düzəninə doğru gedirik-Əli Mustafa- ÖZƏL
20 Fevral 2024 15:14 Siyasət"Azərbaycan Respublikası Prezidentinin Türkiyəyə səfəri bir ənənədir. Azərbaycan və Türkiyə dövlətləri arasında bir qayda olaraq seçkilərdən sonra qarşılıqlı səfərlər təşkil olunur. İlkin səfəri Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Bu, iki dövlətin qardaşlıq münasibətlərinin yaxın strateji tərəfdaş münasibətlərinin bir göstəricisidir. Cəmiyyət və millətimizin də bəyəndiyi və təqdir etdiyi fəaliyyətdir. O ki qaldı dövlətlərarası münasibətlərə, Azərbaycan və Türkiyə arasında mədəni, iqtisadi əlaqələr inkişaf edir. Artıq 7.5 milyard dollar ticarət dövriyyəmiz var. Görüşdə bu dövriyyənin 2 dəfə artırılması məsələsi qaldırıldı, yəni 15 milyard dollar. Bu təqdir olunası haldır. Ümumiyyətlə, Azərbaycanın və Türkiyənin ortaq bazarının formalaşması və bu bazarın digər Türk dövlətlərini də əhatə etməsi çox önəmlidir. Biz artıq Türk dövlətlərinin daxili bazarını formalaşdırmalıyıq. İqtisadi əlaqələr bu istiqamətdə prioritetlərini müəyyən etməlidir. İqtisadiyyatımız qurularkən bu dövlətlərin "vahid bazar" siyasətinə uyğun qurulmalıdır. Hələlik Azərbaycan-Türkiyə arasında bu münasibətlər dərinləşir, amma hesab edirəm ki, digər Türk dövlətlərinin də bu şəbəkəyə qoşulması çox faydalı olar. Eyni zamanda, Şimali Kipr Türk Respublikasının da bura əlavə olunması doğru olar. Əlbəttə, ümumi münasibətlər getdikcə dərinləşir. Biz hər zaman deyirdik ki, biryerdə olmalıyıq, dövlətlərimiz fərqli olsa da, eyni millətik, eyni xalqıq, kökümüz birdir. Nəhayət, dövlətlərimiz artıq mehribanlaşır. Məncə, bu, olduqca faydalı tendensiyadır. Biz yeni bir dünya düzəninə doğru gedirik, çoxqütblü bir dünya bizi gözləyir. Həmin dünyada ayaq üstə qalmaq, var olmaq üçün güclü müttəfiqlərin, çevrənin olması olduqca vacibdir. Bu baxımdan da Türk dövlətlərinin bir araya gəlməsi və bu birliyin də məhz Azərbaycan-Türkiyə dostluğuna söykənməsi olduqca təqdirəlayiqdir".