Ən güclü ordu Azərbaycan Ordusu, ən məğrur xalq Azərbaycan xalqıdır- ÖZƏL

"Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq". "Olaylar" xəbər verir ki, bunu YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev deyib: "Ölkəmiz 30 illik işğal dövründə danışıqlar prosesinə qatılmaqla yanaşı, həmçinin bütün sahələrdə gücünü, qüdrətini artırdı. Silahlı Qüvvələrimiz qələbəyə hazırlandı. Azərbaycan informasiya cəbhəsində də üstünlüyü qazandı. Ölkəmizin diplomatik uğurları biri-birini əvəzlədi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Vətən müharibəsi bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Elə gənc nəsil yetişdi ki, Vətən, torpaq, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də getdilər. Bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik. Dünya bir daha belə bir reallığın şahidi oldu ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi.  44 gün ərzində bir dəfə də olsun Ordumuz geriyə addım atmadı, ancaq irəli getdi. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu, qarşımızda ağ bayraq qaldırdı, təslim oldu və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31