Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyi Avrasiyada sülh və təhlükəsizlik üçün müstəsna təminatdır- ÖZƏL

"Azərbaycan-Türkiyə qardaşlığa söykənmiş əlaqələri, müttəfiqliyi, xüsusən də hərbi müttəfiqliyi, bütövlükdə, Avrasiya məkanında sülh və təhlükəsizlik üçün son dəcərə müstəsna təminatdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib. Bildirib ki, bu mənada başlıca məqamlardan biri 44 günlük Vətən müharibəsi ilə bağlıdır: "Qardaşlığın mühüm sınağı olan bu savaş hər iki dövlətin mətanət, iradə və dözümünün birgə təzahürünə, nəsillərə miras qalacaq nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsi dönəmində qardaş ölkənin, onun hökumətinin və xalqının, ümumən Türkiyənin qətiyyətli mövqeyinin təntənəsi kimi yaddaşlara yazıldı.
Böyük tarixi sınaqlardan uğurla çıxmış Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır, dinamik struktura malikdir. İqtisadiyyat, ticarət, elm, təhsil, hərbi sahədə əməkdaşlıq, dünyanın müasir informasiya məkanında birgə təmsilçilik və sair istiqamətlər üzrə keçmişə əsaslanmış etibarlı baza var. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəltmişdir. Postmünaqişə dövründə işğaldan azad edilmiş Qarabağ ərazilərində vüsət almış tikinti-quruculuq işlərində Türkiyə şirkətlərinin geniş təmsilçiliyi, Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının qarşısının alınmasında, dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdiyi dəstəyi türk xalqı və ictimaiyyəti böyük minnətdarlıqla qeyd edir və yüksək dəyərləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31