İlham Əliyevin ilk rəsmi səfər üçün qardaş Türkiyəni seçməsi təbiidir- ÖZƏL
20 Fevral 2024 12:08 Siyasət"Prezident seçkilərindən sonra cənab İlham Əliyevin ilk rəsmi səfər üçün ənənəvi olaraq məhz qardaş Türkiyəni seçməsi da təbiidir. Prezident seçkiləri Azərbaycanın yeni dövrə qədəm qoymasının ifadəsi idisə, bu səfər indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz göstəricisidir". "Olalar" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib. Bildirib ki, bu nümunə xalqlarımızın dil, din, mədəniyyət yaxınlığına, doğmalığa əsaslanır: "Burada sevincli və kədərli günlərdə bir-birinin yanında olmaq kimi dövlətlərarası münasibətlər səviyyəsini aşan müstəsna durum, fövqəladə üstünlük var. Qeyd edək ki, Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları da artıq xoş ənənəyə çevrilib".
Onun sözlərinə görə, Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin dilindən səslənmiş "Bir millət, İki dövlət" formulu Türk Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir" ifadəsi ilə həmahəng səslənərək bir-birini üzvi surətdə tamamlayır: "Bu gün bu siyasi kurs İlham Əliyev - Ərdoğan qardaşlığı timsalında özünün ən yüksək inkişaf mərhələsindədir. Ölkələrimizin qarşılıqlı əməkdaşlığı, birgə hədəfləri onu deməyə əsas verir ki, müştərək inkişaf xətti daha da dərinləşəcək və güclənəcək. Prezident İlham Əliyevin təbirincə desək: "Türkiyə- Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".