Münxen Təhlükəsizlik Konfransındakı ab-hava bir daha göstərdi ki, Azərbaycana diqqət artır- ÖZƏL
19 Fevral 2024 17:24 Siyasət"Dünyada olub dünyadan kənar qalmaq, özünü ondan təcrid etmək düzgün yanaşma deyil".
Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki, müasir dönəmdə bir tendensiyanın, bir cərəyanın şahidiyik. Bütün proseslər durmadan qloballaşır, o cümlədən də nizamsızlıq. Belə bir fikir var idisə ki, dünyanı idarə edən nizamdır, indi dünyanı idarə edən nizamsızlıqdır. Beynəlxalq münasibətləri nəzərdə tutaraq deyirəm ki, elə olan halda bu proseslərdən kənarda dayanmaq olmaz. Onlara olan yanaşma, onlarda hər bir ölkənin, hər qüvvənin iştirakı gərək konstruktiv xarakter daşısın, aydın, şəffaf olsun və özündə pozitiv, müsbət nüvələr, çalarlar ehtiva etsin. Bu baxımdan əlbəttə ki, beynəlxalq proseslərdəki iştirakı həmişə gözə çarpır. Biz göstəririk ki, təkcə özümüz üçün deyil, Ermənistanı çıxmaq şərti ilə həm ətrafda olan dövlətlər, qonşularımız, tərəfdaşlarımız üçün kifayət qədər tutarlı, müsbət töhfələr vermiş oluruq. Ən son illər ərzində də bizim həyata keçirdiyimiz beynəlxalq inteqrasiya layihələri, Avropanın təhlükəsizliyində iştirakımız-söhbət ilk növbətə enerji təhlükəsizliyindən gedir, pandemiya dövründə beynəlxalq qurumlarla əməkdaşlığımız, 40-a yaxın dövlətə sponsor köməyimizin verilməsi, digər tərəfdən vaksin diskriminasiyasına məhkum etməyimiz, bölgədən başlayaraq türk birliyi və eləcə də BMT-nin baş assambleyasına gedib çıxmağımız, bizim oradakı təşəbbüslərimizin hamısının yüksək qiymət alması göstərir ki, Azərbaycan dünya proseslərində öz yaxasını heç vaxt Ermənistan kimi kənara çəkmir. Çalışır ki, bu işlərin hamısında elə bir mövqe tutsun ki, həm problemlər aradan götürülsün, digər tərəfdən əməkdaşlıq qarşısında olan maneələr aradan qaldırılsın, nəhayər iştirakımızdan da həm özümüz, həm də tərəfdaşlarımız xeyir götürsünlər. Bu yanaşma vahid, yeganə, düzgün yanaşmadır. Onun özünün də dünyada çox böyük müsbət əks-sədaları doğulur. Ona görə də Münxen Təhlükəsizlik Konfransında bizə olan münasibətdən də görürük ki, Azərbaycana həqiqətən də böyük maraq var. Belə olduğu halda ölkəmiz əlbəttə, bununla öyünmür, biz şərəf, fəxarət duyuruq. Bu ağır proseslər fonunda göstəririk ki, həmin yüklərin bəzilərini özümüz daşımağa çalışırıq, bir tərəfdən başqa başqa dövlətlərlə yaxın əlaqədə olaq. Əlbəttə ki, bu Azərbaycanın daxilində olan müsbət dəyişikliklərdən irəli gələn bir məsələdir. Çünki, ümumiyyətlə, ölkəmizin daxilində gedən islahatlar, dəyişikliklər həm iqtisadiyyatımızın artımına, həm artımdan irəli gələn artıq vəsaitlər imkan verir ki, bir çox sahədə bəzi məqamların həllini öz vəsaitimiz hesabına həyata keçirək. Təbii ki, beynəlxalq proqramlar çərçivəsində də bizim iştirakımız özünü büruzə verir. Ölkə daxilində olan sabit qənaətbəxş vəziyyət, həm də xarici arenalarda uğurlu çıxış etməyə imkanlar verir. Digər tərəfdən də qətiyyətlə o problemli məqamların üzərinə gedərək göstərdik ki, onlara baxışımız nədən ibarətdir, həll yollarını nədə görürük, alqoritmlərimizi necə təsəvvür edirik və həm də bu zəmində yeni-yeni tərəfdaş və partnyorlar tapırıq. Münxen Təhlükəsizlik Konfransındakı ab-hava bir daha göstərdi ki, Azərbaycana diqqət artır. Bu da bizim ölkəmizin beynəlxalq həyatda böyük faydalılıq əmsalı ilə çalışmağımızın məntiqi nəticəsidir".