Azərbaycan və ABŞ arasındakı münasibətlər sürətlə daha normal məcraya dönür-Elçin Xalidbəyli- ÖZƏL

"Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin dövlət katibi Entoni Blinkenin görüşü olduqca böyük önəm daşıyır. Çünki, ABŞ dünyanın çox önəmli süperdövlətlərindən biridir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:

"Azərbaycan da Cənubi Qafqazın lider dövlətidir və bu iki dövlətin beynəlxalq məkanda ciddi maraqları var. Bu maraqların sırasında üst-üstə düşən mənafelər və müəyyən mənada ziddiyyət təşkil edən məqamlar var. Dövlətlərin arasındakı münasibətləri əsasən o dövlətlərin maraqlarındakı uzlaşmalar müəyyənləşdirir. Neçə ay əvvəl iki dövlətin münasibətlərində yaranmış soyuqluq və müəyyən ziddiyyətlər artıq arxa plana keçirilir. Azərbaycan və ABŞ arasındakı münasibətlər sürətlə daha normal məcraya dönür. Hətta hesab etmək olar ki, bu münasibətlərin inkişafı istiqamətində kifayət qədər ciddi perspektivlər yaranmaqdadır. Xüsusilə də ABŞ Azərbaycanla Cənubi Qafqazda əməkdaşlıq etməkdə maraqlı olduğunu qətiyyən gizlətmir. Üstəlik, ABŞ Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa maraqlı olduğunu bəyan edir. Bu istiqamətdə ortaq maraqlar çərçivəsində əməkdaşlığın, tərəfdaşlığın inkişafı üçün əsaslı addımlar atılmasına cəhd göstərir. Bu baxımdan hesab etmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Entoni Blinkenlə olan görüşü Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcına da çevirilə bilər. Çünki, bu iki dövlətin maraqlarının üst-üstə düşdüyü və inkişaf etmə perspektivləri olan istiqamətlər kifayət qədər çoxdur. Yəqin ki, həm rəsmi Bakı, həm də Ağ Ev bu inkişaf perspektivlərindən istifadə etməyə çalışacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31