Azərbaycan hər zaman münasibətlərdə dürüst davranır - ÖZƏL
19 Fevral 2024 14:20 Siyasət"Azərbaycanla ABŞ arasında çox yüksək səviyyəli münasibətlər mövcuddur".Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Təəssüf ki, zaman-zaman ABŞ tərəfdən müəyyən rəsmilərin uyğunsuz, aidiyyatı olmayan bəyanatları, qərarların qəbuluna cəhdlər və s. məsələlər iki dövlət arasında münasibətlərin müəyyən qədər gərginləşməsinə gətirib çıxarır. Amma Azərbaycan hər zaman münasibətlərdə dürüst davranır, üzərinə düşən öhdəlikləri, görməli olduğu işləri hər zaman dürüst bir şəkildə yerinə yetirir və qarşı tərəfdən də, Amerika Birləşmiş Ştatlarının rəsmilərindən də eyni münasibəti gözləyir. Azərbaycan istər NATO-nun Sülh Naminə Tərəfdaşlığı proqramında, koalision qüvvələrinin tərkibində, İraqda, Əfqanıstanda və s. hərbi xidmətlərin yerinə yetirilməsində, istər enerji məsələlərində, istər terrorçuluğa qarşı mübarizədə, regional əməkdaşlıq müstəvisində, humanitar, iqtisadi, mədəni, elm, təhsil və s. istiqamətlərdə Amerika ilə əlaqələrin həyata keçirilməsinə hər zaman diqqətlə yanaşıb. Beynəlxalq çağırışlara cavab verilməsində, beynəlxalq tədbirlərin gerçəkləşdirilməsi, beynəlxalq qlobal fəaliyyətlərin həyata keçirilməsində ABŞ-ın çağırışlarına da müsbət cavab verən ölkə olub.
Mən hesab edirəm ki, indi Amerika dövlət katibi Entoni Blinkenin müraciəti əsasında Azərbaycan Prezidenti Münhendə onu qəbul edərkən, aparılan danışıqlar siyasi, iqtisadi, ticarət təhlükəsizliyi sə s. sahələrdə, xüsusən enerji sahələrində əməkdaşlıq istiqamətində aparılan müzakirələr perspektivdə yaxşı nəticələr verəcək, mövcud əlaqələr daha da inkişaf edəcək, yeni bir müstəviyə çıxacaq. Çünki Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir, Azərbaycan regional və qlobal miqyasda fəal siyasət yürüdən bir etibarlı partnyordur. Amerika tərəfinin bunu nəzərə alması, Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlaması və gerçəkləşdirməsi ancaq faydalı nəticələr doğura bilər".