Ölkə başçımız Cənubi Qafqazda sülhün yaranmasına xidmət edən siyasət həyata keçirir- ÖZƏL

"Prezident cənab İlham Əliyev 20 il ərzində dünya siyasi arenasında Azərbaycanın nüfuzunu yüksəkliklərə qaldırdı. Ölkəmiz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçdi. Dünya birliyi COP 29 Konfransının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. COP 29 kimi dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi etməsi Prezident cənab İlham Əliyevin yaşıl enerji sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, bu sahədə Azərbaycanda böyük layihələr həyata keçirilmiş və bu istiqamətdə daha böyük layihələr icra ediləcək: "Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji Avropa ölkələrinə ixrac ediləcək. Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Belə ki, dünyanın 8 ölkəsinə təbii qaz ixrac edir. Növbəti illərdə bu coğrafiya daha da genişlənəcək. Bunun üçün Azərbaycanın kifayət qədər potensialı var və yeni qaz yataqlarının istismara verilməsi bu planların reallaşmasına zəmin yaradır. Azərbaycan coğrafi cəhətdən Şimal - Cənub, Şərq - Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Məhz ölkə başçımızın Azərbaycanda yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu vasitəsilə Şərqdən Qərbə, Şimaldan Cənuba Azərbaycanın üzərindən yükdaşımalar həyata keçirilir ki, bu da cənab İlham Əliyevin Azərbaycanla yanaşı dünya iqtisadiyyatının yüksəlməsinə də böyük töhfə verməsinin nümunəsidir. Azərbaycan Türkdilli dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir. Türk Dövlətləri Təşkilatınım yaranmasında Prezident İlham Əliyevin misilsiz əməyi olmuşdur. Böyük bir coğrafi ərazini əhatə edən zəngin təbii sərvətlərə malik Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin birliyi, həmrəyliyi bu təşkilatın beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsinə yardım olacaq. Azərbaycanın güclü və güdrətli dövlətə çevrilməsini bəzi Avropa dövlətləri, xüsusən Fransa həzm edə bilmir. Hər zaman ölkəmizə qarşı təxribatlar törətməyə çalışan, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzuna xələl gətirmək istəyənləri cənab İlham Əliyev hər zaman məğlubiyyətə uğradıb. Ölkə başçımız Cənubi Qafqaz bölgəsində sülhün yaranmasına xidmət edən siyasət həyata keçirir. Bəzi qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan vasitəsilə regionda sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar. Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycanla hədə, diqtə ilə danışmaq onların özlərinə ziyan gətirəcək. Kimliyindən asılı olmayaraq ölkəmizə qarşı təxribat törətmək istəyən dövlət və ya qüvvə sərt və tutarlı cavabını alacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31