Azərbaycanın qazandığı misilsiz uğurların təməlində xalq-iqtidar birliyi dayanır- ÖZƏL

"Qazanılan uğurların zirvəsində, təbii ki işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi, ən nəhayət 2023-cü il sentyabrında Qarabağda erməni separatizminin kökünün kəsilməsi ilə suverenliyimizin təmin olunması təşkil edir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Pərvin Kərimzadənin sözlərinə görə, öz lideri ətrafında "dəmir yumruq" kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi:  "Prezident, Müzəffər Ali Baş Komandan bu qələbə ilə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı bu məqamları vurğuladı. Hazırda Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərir. Lakin Ermənistan öz havadarlarının təhriki ilə prosesi uzadır. Müəyyən beynəlxalq dairələr bu məsələ ətrafında spekulyasiya etməkdə maraqlıdır. Ona görə də, Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Prezidentimiz İlham Əliyevin   Xankəndində səs verməsi isə rəmzi məna daşıyırdı. 30 ildən çox idi ki, tarixi şəhərimiz olan Xankəndi erməni separatçılarının yuvasına çevrilmişdi. Məhz buradan xalqımıza qarşı məkrli planlar hazırdı. Amma ötən ilin sentyabr ayında ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatçıları diz çökdürüldü. Bütün bunların fonunda Xankəndi şəhərində də seçki prosesinin təşkili və səsvermənin keçirilməsi Zəfərimizin təntənəsi oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31