Bu düzgün siyasət qarşıdakı illərdə də davam etdiriləcək-Sahil Kərimli- ÖZƏL

"Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsində ordumuzun qəhrəman əsgər və zabitləri, gənclərimiz böyük rol oynayıb. Hərbiçilərimizin vətənpərvərliyi, yüksək döyüş qabiliyyəti və qəhrəmanlığı qələbəmizi şərtləndirən əsas amillərdəndir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Eyni zamanda Azərbaycan dövlətinin uzun illərdir ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, hərbi arsenalımızın durmadan müasirləşməsi, ən son texnoloji vasitələr döyüş əməliyyatlarının uğurla həyata keçirilməsinə şərait yaradıb. Xüsusilə də müasir texnika vasitəsilə peşəkarlıqla aparılan döyüşlər ordumuza daha az itkilərlə Zəfər qazandırıb. Bu, çox böyük uğurdur. Çünki, Azərbaycan dövləti uzun illərdir ordu quruculuğuna xüsusi diqqət ayırıb, hərbi xərcləri artırmaqla 21-ci əsrin ən güclü ordusunu formalaşdırıb. Şübhə yoxdur ki, bu düzgün siyasət qarşıdakı illərdə də davam etdiriləcək və orduya ayrılan vəsaitlər müdafiə qabiliyyətimizi daha da qüdrətləndirəcək. Azərbaycanın yerləşdiyi bölgə, regionumuzda baş verən proseslər diqtə edir ki, ölkəmiz daim ərazi bütövlüyünün qorunmasına, xarici təhdidlərin qarşısının alınmasına ciddi önəm versin. Çünki, Qarabağ Zəfəri ilə bölgədə yaranan yeni reallıqlar bəzi beynəlxalq dairələr tərəfindən həzm edilmir, ciddi qısqanclıqla qarşılanır. Buna görə də xarici təhlükələr var və gələcəkdə də olacaq. Amma Azərbaycanın güclü ordusu, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi baş verə biləcək istənilən təxribatın qarşısını almağa qadirdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31