Cəmiyyətin sabitliyi vacib faktorlardan biridir-Sultan Zahidov- ÖZƏL
16 Fevral 2024 17:43 Siyasət"Sözsüz ki, həm İkinci Qarabağ müharibəsində, həm də 2023-cü il antiterror tədbirləri zamanı qazandığımız qələbə Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış hadisələrdir".
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Birinci qələbə ilə Azərbaycan işğala son qoydu, 2023-cü ildəki qələbə ilə Azərbaycan öz suverenliyini bərpa etdi. Bununla da Azərbaycanın başındakı separatizm yuvası birdəfəlik tarixin zibil qutusuna atılmış oldu. Qeyd etmək lazımdır ki, Azərbaycan bu qələbəni birdən-birə qazanmadı. Bu qələbəyə doğru Azərbaycan 20 ildir ki, irəliləyirdi. Azərbaycan tarixində bənzəri olmayan bu cür qələbənin qazanılması üçün sözsüz ki, müəyyən proseslərdən keçilməli idi. Bu baxımdan bu qələbədə bir sıra mühüm amillər böyük rola malikdir ki, onlardan birincisi də Azərbaycanın milli maraqlarını nəzərə alan qətiyyətli prinsipial nəzarətidir. Digər tərəfdən bu siyasət həmişə Azərbaycanın ərazi bütövlüyünün bərpasını ən ali məqsəd olaraq nəzərdə tutmuş, bu məqsədə nail olmaq üçün ardıcıl addımlar atılmışdır. İkinci vacib amil isə sözsüz ki, güclü iqtisadiyyatdır. İqtisadi baza olmadan Azərbaycan öz ordusunu və siyasi-iqtisadi rıçaqlarını qüvvətləndirə bilməzdi. 1994-cü ildə Azərbaycan Bişkek protokolunu imzalayanda bəziləri Azərbaycanı tənqid etdi ki, işğal altında olan ölkə niyə belə bir atəşkəs imzalayır. Amma bu atəşkəsin əslində Azərbaycan iqtisadiyyatına çox böyük bir töhfəsi oldu. Məhz bu atəşkəsdən sonra Azərbaycan Əsrin Müqaviləsini imzaladı. Bu müqavilə Azərbaycanın neft-qaz sektoruna xaricdən böyük miqdarda investisiyanın gəlməsini təmin etdi ki, məhz bunlar da Azərbaycan iqtisadiyyatının canlanmasında vacib faktora çevrildilər. Bunkar nəticəsində Azərbaycanın neft-qaz siyasəti daha da irəlilədi. Azərbaycan dünyanın ən məhşur şirkətləri ilə neft-qaz layihələrinə imza atdı. Həm də neft və qazı ötürmək üçün regional layihələrə imza atdı. Digər faktorları da nəzərdən keçirmək lazımdır ki, bütün bunlar hamısı, o cümlədən enerji sahəsinin diversifikasiyası Azərbaycan iqtisadiyyatını gücləndirən amillərdən oldu. İqtisadiyyatın qüvvətləndirilməsi sözsüz ki, ordu quruculuğuna da böyük töhfə verdi. Azərbaycan son 20 il ərzində dünyanın ən ali standartlarına uyğun bir ordu yaratdı. Bu ordu da sözsüz ki, torpaqlarımızın işğaldan azad olmasında böyük rol oynadı. Bundan başqa cəmiyyətin sabitliyi, ölkə daxilində çaxnaşmaların olmaması, xalqla dövlət arasında olan möhkəm etimadın mövcudluğu Azərbaycanın bu qələbəni qazanmasını daha da asanlaşdırdı. Çünki, ölkə daxilində problemin olması digər məsələlərin həllinə də müşkülə çevirir. Bu baxımdan cəmiyyətin sabitliyi vacib faktorlardan biridir. Eyni zamanda, müstəqil və uğurlu xarici siyasətlə Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmiş, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmış və Qarabağ məsələsində lazımi siyasi dividendlər əldə etmişdir. Bütün bu amillərin hər birini biz zəfərimizin qazanılmasında önəmli faktor kimi nəzərdən keçirə bilərik".