Artıq xarici siyasəti tamam fərqli bir Azərbaycanla qarşı-qarşıyayıq - ÖZƏL

"Geridə qoyduğumuz 20 illik dövrdə Azərbaycan bir çox sahələrdə nailiyyətlər əldə edib ki, onların da başında ordu quruculuğu dayanır". 
Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Ordu quruculuğu siyasətini ümumiyyətlə, mərhum prezident Heydər Əliyevin dövründən daha çox götürürük. Çünki nizami ordunun yaranması, ayrı-ayrılıqda özünümüdafiə dəstələri halında yaranmış qoşunların bir vahid komandanlıqda toplanması və sonrasında NATO standartlarına keçid və bu istiqamətdə NATO-nun Sülhməramlı Tərəfdaşlıq proqramı ilə əməkdaşlığımız və s. kimi məsələr Azərbaycanın ordu quruculuğu sahəsində gördüyü mühüm işlərdəndir.
Ordu quruculuğunun təməlində dayanan faktor heç şübhəsiz ki, torpaqlarımızın işğalına son qoyulması idi. Yəni ümummilli lider Heydər Əliyev bu məsələdə xüsusilə yaxşı başa düşürdü ki, torpaqların geri qaytarılması üçün ilk növbədə vahid ordu, vahid komandanlıq yaradılmalı, habelə sadə vətəndaşların döyüş bacarığını bilməsi, lazım gəldikdə səfərbərlik zamanı faktiki döyüşlərə cəlb edilməsi kimi hazırlıq proqramları lazımdır. Buna görə də, hazırda da istifadə ediyimiz hərbi sistem yaradıldı. 
Təbii ki, bu ordu quruculuğu siyasəti öz növbəsində Heydər Əliyevdən sonra Prezident İlham Əliyevə keçdi və bu 20 il ərzində faktiki olaraq İlham Əliyevin siyasətinin özəyində dayanan faktorlardan biri də ordu quruculuğu məsələsi idi. NATO standartları ilə ordunun yenilənməsi və son illərdə Türkiyə ordu modelinə keçid məsələsinin aktuallaşması, əslində 2018-2020-ci illərdə real nəticələrini göstərdi. 
Ordumuz ilk ciddi sınağını heç şübhəsiz ki, 2016-cı ildə aprel döyüşləri zamanı verdi. Bunun sonrasında olan digər əməliyyatlarda da ordumuz artıq yekun müharibəyə hazır olduğunu göstərdi. 
2020-ci ildəki Tovuz döyüşləri və sonrasında 44 günlük Qarabağ müharibəsi nəticəsində ordumuz həm nizami ordu, həm də xalq, səfərbərliyə cəlb edilmiş insanlar göstərdi ki, ordu quruculuğu sahəsində görülən işlər real nəticələr verir və artıq Azərbaycan ordusu müstəqilliyinin ilk illərindəki pərakəndə və təcrübəsiz ordu deyil, vahid komandanlıq, dünya ölkələrinin təcrübəsinin harmoniyası mövcuddur və təbii ki, artıq təcrübəli general və hərbi kadrlarda mövcud idi. Təbii ki, qələbənin ən böyük simvollarından biri və qələbənin ən böyük faktorlarından biri məhz bu təcrübəli ordu məsələsi oldu və hesab etmək olar ki, İlham Əliyevin 20 illik hakimiyyəti boyunca ən böyük uğurlarından biri bizə yekunda qələbəni gətirəcək ordunun hazırlığı və yekunda da bu ordunun real döyüş təcrübəsi ilə torpaqları geri qaytarılması oldu.
Təbii ki, hərbi sənayenin inkişafı da ordu quruculuğunun bir tərkib hissəsi idi və Azərbaycan bu istiqamətdə Türkiyə və İsraillə daha ciddi əməkdaşlıq edir. Rusiya ilə bu istiqamətdə əməkdaşlığımız var idi və əməkdaşlığın həm də bir digər sahəsi də heç şübhəsiz ki, milli sənayenin yaradılması, milli ordu sənayesinin və özünümüdafiə silahlarının istehsalı idi ki, bu gün Azərbaycanda bu istiqamətdə çox ciddi işlər görülür və 20 il ərzində görülən işlərin nəticəsi bəllidir. Azərbaycanın milli istehsalının snayperləri və digər döyüş təyinatlı silahlar mövcuddur. Hətta Azərbaycan gün dron texnologiyasında, pilotsuz uçuş aparatları sahəsində də dünyanın lider ölkələrdəndir və biz bu istiqamətdə ən çox Türkiyə və İsrail ilə əməkdaşlıq edirik. 
Onu da qeyd etmək lazımdır ki, 44 günlük Qarabağ müharibəsində ən önəmli üstünlüklərimizdən biri aviasiya üstünlüyümüz idi. Yəni Azərbaycan daha bahalı və xərcli olacaq döyüş təyyarələri alıb, həm onların baxım, həm istifadə xərclərindən isə daha ucuz və daha modern texnologiyada istehsal edilən döyüş aparatlarını pilotsuz uçuş aparatları arsenalına daxil etdi və bu bizə yekunda qələbə gətirən önəmli faktlardan oldu. Bu gün də əslində Azərbaycan istər öz hava məkanında, istər regionda lider ölkələrdəndir.
Hərbi sahədə görülən işlər öz növbəsində siyasi, diplomatik, iqtisadi sahədə atılan addımlarla da bir vəhdət təşkil edir. Təbii ki, hərbi qələbə bizə önəmli olsa da, bu qələbənin qorunması da daha çox siyasi-diplomatik münasibətlərdən asılıdır. Bunu Prezident İlham Əliyev çox yaxşı başa düşürdü. 20 il ərzində Azərbaycanın beynxalq təşkilatlarla münasibətləri, hətta bizə qarşı ikili standartların tətbiqinə baxmayaraq, bizim onlara qarşı sərgilədiyimiz mövqe, ərsəyə gətirdiyimiz TAP, TANAP layihələri kimi geosiyasi əhəmiyyəti olan iqtisadi layihələr qələbəni şərtləndirən digər amillərdən idi. 
Təsadüf deyil ki, Ermənistanın Tovuz təxribatları zamanı beynəlxalq neft və qaz kəmərlərini hədəf alması dünyada Ermənistan qarşı ciddi bir etiraz yaratdı və Azərbaycanın haqlı mübarizəsində siyasi leqallıq da qazandırdı. Bütün bunlar hamısı vahid bir siyasi kurs, vahid bir planın tərkib hissəsi idi və bu plan da nə az, nə çox 20 ildən artıq bir müddətə başa gəldi. Yəni biz İlham Əliyev siyasətini ümumi xarakterizə etdikdə, xüsusilə də xarici siyasət, bütövlükdə bu bir neçə şaxəli siyasətin vahid bir hissəsidir. Yəni qələbəni şərtləndirən amillər bir yox, birdən çoxdur. Ümumiləşdirdikdə hərbi, siyasi, iqtisadi və diplomatik sahələrdəki ardıcıl və perspektivli addımların atılması fonunda biz yekun qələbəni əldə etdik.
Təbii ki, missiyamız bundan ibarət deyil və burda yekunlaşmır. Azərbaycan 30 illik işğala və 200 illik separatizmə son qoydu. Amma hələ də defakto müharibə vəziyyəti davam edir, Ermənistan ilə sülh quruculuğu, sərhədlərin delimitasiya, demarkasiya prosesi gedir və bu proses hələ istədiyimiz səviyyədə getmir. Bundan əlavə, işğaldan azad ərazilərin bərpası və "Böyük Qayıdış" siyasəti çərçivəsində işlər görülür. 
Artıq Azərbaycan yeni bir dünyanın və yeni bir siyasi kursun içərisindədir. Artıq bizim hədəfimiz Qarabağ yox, regionda sülh, sabitlik və inkişafdır. Təbii ki, bundan sonra da üzərimizə gələcək ölkələrin arqumentləri, təzyiq metodları fərqli olacaq. Buna görə də, bizim onlara qarşı müqavimətimiz də, immunitetimiz də fərqli olmalıdır. Hesab edirəm, Prezident İlham Əliyevin inaqurasiya mərasimi sonrasında çıxışı zamanı qeyd etdiyi məqamlar da əslində Azərbaycanın yaxın gələcəkdə xarici siyasət kursunun ilkin konturları və ilkin siqnalları oldu və buna dair də konkret mesajlar verildi. Yəni biz artıq xarici siyasəti tamam fərqli bir Azərbaycanla qarşı-qarşıyayıq və bunu həm regiondakı ölkələr, həm də böyük güclər başa düşürlər. Yaxın müddət ərzində də artıq bizə qarşı ediləcək təzyiqlər fonunda atılacaq addımların şahidi olacağıq".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31