Terror yuvalarının darmadağın edilməsi beynəlxalq təhlükəsizliyə bir töhfədir-İlyas Hüseynov- ÖZƏL

"Qeyd etmək lazımdır ki, cənab Prezident andiçmə mərasimində öz çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu, proqram xarakterli nitq söylədi". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Şübhəsiz ki, təhlükəsizliyimizin gücləndirilməsi, ordu quruculuğumuzun genişləndirilməsi məsələsinə də diqqət ayırdı. Azərbaycan elə bir coğrafiyada yerləşir ki, təhlükəsizliyin qorunması bizim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Vətən müharibəsində qalib gələrək torpaqlarını işğalçılardan azad etdi. Haqlı olaraq bu gün biz ordumuzla qürur duyuruq. Azərbaycan ordusu döyüş meydanında qazandığı qələbə müstəsna əhəmiyyətə malikdir. Bu qələbə ilə Azərbaycan həm də beynəlxalq terrorizmə qalib gəldi. Çünki, Azərbaycan ərazilərində müxtəlif terrorçu qruplaşmalar, onların tör-töküntüləri təlimlər keçir. Hazırlıqlar həyata keçirir və ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı daha məkrli və geniş miqyaslı planlar qururdular. Məhz bu terror yuvalarının darmadağın edilməsi həm də beynəlxalq təhlükəsizliyə bir töhfədir. Ermənistanda zaman-zaman revanş dalğaları güclənir, revanşizm hisləri böyüyür. Məhz buna görə Azərbaycan öz təhlükəsizliyini daha da gücləndirməli və ordu quruculuğuna diqqəti artırmalıdır. Antiterror əməliyyatı da göstərdi ki, Azərbaycanın peşəkar, çevik bölmələri var və xüsusi təyinatlı qüvvələr də daxil olmaqla komanda hərbi hissələri Azərbaycanın peşəkar ordu qurduğunun bir göstəricisidir. Bundan sonra da hərbi xərclərin artırılması, hərbi bilik və bacarıqların daha da genişləndirilməsi prioritet olacaqdır. Məhz qarşıdakı dövr üçün Azərbaycanın öz təhlükəsizliyini etibarlı şəkildə təmin edilməsi üçün bütün lazımi addımlar atılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31