Qarabağ Universitetinin fəaliyyəti bu bölgənin insanlarının maarifləndirilməsi ilə məhdudlaşmayacaq - ÖZƏL

"Qarabağ Universitetinin yaradılması Ermənistanın təcavüzkar siyasəti nəticəsində müstəqil Azərbaycanın aurasından, ictimai-siyasi, humanitar sistemindən 30 il kənarda saxlanılmış, Qarabağın bütünlüklə Azərbaycan həyatına, cəmiyyətinə inteqrasiyası yönümündə olduqca təsirli və əhəmiyyətli bir addımdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Bu, özünün əhəmiyyətinə görə Azərbaycanın və Şuşanın türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı elan olunması qədər təsirli və əhəmiyyətli hadisədir. Qarabağ Universitetinin fəaliyyət göstərməsi bu bölgənin insanlarının maarifləndirilməsi ilə məhdudlaşmayacaq. Onun çox böyü missiyası var, o missiya özünü artıq indidən nümayiş etdirir. Xüsusilə də Qarabağ Universitetinin fəaliyyətinə müəyyən beynəlxalq dairələrin cəlb olunması, həm müəllim, professor heyəti olaraq, həm tələbə kontingenti olaraq dünya qüvvələrinin bu universitetə cəlb olunması özlüyündə çox əhəmiyyətli bir iş olacaq. Müqayisə üçün deyim ki, Şimali Kipr Türk Cümhuriyyəti bir vaxtlar təcavüzkar Yunanıstan hakimiyyətinin zərbələri altında qalsa da, bu gün Şimali Kiprin dünyada öz mövqeyini göstərməsi, sabit bir inkişaf yoluna çıxması məhz bu bölgədə olan universitetlərlə bağlıdır. Eləcə də Qarabağ bütünlüyün bu gün Azərbaycan cəmiyyətinə, dövlətinə inteqrasiya olunduğu kimi, orada özünü universitetinin yaradılması və bu universitetə xaricdən tələbələrin, müəllimlərin cəlb olunması, bu universitetin və eləcə də bütün bölgənin dünyada önəmini və tanınmasını daha da gücləndirəcək. Çünki bu universitetdə işləyəcək xarici nümayəndələr, təhsil alacaq xarici tələbələr həmin bölgənin məhz azərbaycançılıq ideologiyasının və Azərbaycan dövlətçiliyinin ayrılmaz tərkib hissəsi olması ilə bağlı dünyada ən böyük təbliğatçılara çevriləcək. Burada təhsil alan hər bir adam həm azərbaycançılıq ideologiyasının daşıyıcısı olacaq, həm də azərbaycançılıq ideologiyasının dünyada təbliğinin yayılmasının böyük qollarından birinə çevriləcək. Əgər Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Azərbaycana inteqrasiya olunursa, bunu təhsildən kənarda təsəvvür etmək qeyri-mümkündü. Qarabağ Universitetinin yaradılması həm Qarabağda yerli təhsil-tədris prosesinin inkişafına dəstək verəcək, həm Qarabağın özündə yerli intellektual potensialın üzə çıxarılmasına təsir göstərəcək, həm də Qarabağın özünün idarəçiliyi üçün məhz bu ərazidə bu abu-havaya yaxşı bələd olan kadrların yetişdirilməsində öz sözünü deyəcək.
Qarabağ Universitetinə prezidentin böyük qayğı göstərilməsi təsadüfi deyil. Lazımi qədər dövlət vəsaiti ayrılır, onun yaradılması üçün dövlətin gücünün əhəmiyyətli bir hissəsi qoyulur. Ona görə ki, Qarabağda universitetin yaradılması Qarabağın hərbi təhlükəsizlik müdafiəsinin təşkil olunması qədər vacib və əhəmiyyətli bir hadisədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31