İrəvan nə etibarlı müttəfiq, nə də müzakirə aparmaq üçün normal qonşudur-Elmir Səftərov- ÖZƏL
15 Fevral 2024 17:22 Siyasət"Andiçmə mərasimində çıxış edən Prezident İlham Əliyev bir neçə istiqamət üzrə vacib məqamlara toxundu, qarşıda duran vəzifələri, yol xəritəsini diqqətə çatdırdı, ölkəmizə qarşı kampaniya aparan dövlətlərə və düşmənlərə sərt xəbərdarlıq etdi. Bundan əlavə, ehtimal olunan təhlükələrə qarşı hazırlıqlı olmaq yönündə öz tapşırıq və tövsiyələrini verdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib:
"44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı açıq şəkildə ikili standartlar sərgiləyən, qərəzli davranan dövlətlərin, təşkilatların sayı artıb. Bütün bu təzyiqlərin qarşısını almaq və hücum diplomatiyasını effektik şəkildə həyata keçirmək dövlətimizin başçısının çıxışında da öz əksini tapdı.
Hərbi sənayenin inkişafı və bu sahədə asılılığın aradan qaldırılması qarşıya qoyulan vəzifələrdən biridir ki, bu məsələləri rəhbər tutan əməkdaşlıq etdiyimiz bəzi dövlətlər bizə bununla təzyiq edərək sanksiya tətbiq edə bilərlər. Eyni zamanda, silah ixrac edən ölkələr 5-ci nəsil silahlarını özü istifadə edir, satdıqda isə daha zəif texnologiyaları bazara çıxardırlar.
Ümumiyyətlə, iqtisadi, siyasi və hərbi müstəqillik olmayanda bu, hansısa güclü dövlətlərdən asılılıq yaradır. Nəticədə geosiyasi oyunların bir hissəsinə çevrilirsən. Ermənistan da hazırda bu yolla gedir, ona görə də İrəvan nə etibarlı müttəfiq, nə də müzakirə aparmaq üçün normal qonşudur. Bu səbəbdən də istənilən vaxt Ermənistandan ölkəmizə qarşı təhlükə ehtimalı mövcuddur. Əvvəllər torpaqlarımız işğal altında olduğu üçün Silahlı Qüvvələrimizin güc balansı həm sərhəddə, həm də daxildə bölünürdü. Amma ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Artıq əsas hərbi güc sərhədlərimizin mühafizəsinə verilib ki, Prezident İlham Əliyevin dediyi kimi burada da ən müasir üsullardan istifadə edirik və edəcəyik. Bu da o anlama gəlir ki, Ermənistan hər an təxribat törədə bilər. Himayədarlarının təşviqi və planları ilə İrəvan regionda pozucu alət kimi istifadə olunur. Başda ABŞ, Fransa olmaqla Ermənistan ciddi şəkildə hazırlaşdırılır və himayə olunur. Ermənistanda ötən il ABŞ-la birgə keçirilən təlimlər, Avropa İttifaqının missiyasının naməlum fəaliyyəti, Fransa Jandarmasının sərhəddə görünməsi və digər faktlar onu deməyə əsas verir ki, cari ildə ciddi toqquşmalar üçün zəmin hazırlanır. Planın nədən ibarət olduğunu demək asan olmasa da, müxtəlif tərəflərin fərqli maraqları və İrəvandan istifadə olunması mövcud reallıqların dəyişdirilməsinə də hesablanıb. Çünki şərti sərhəddə strateji üstünlüyə malik olan Azərbaycanın hazırkı vəziyyəti Ermənistanın və havadarlarının maraqlarına cavab vermir.
2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən sonra Ermənistanın özünü "ağıllı" aparması sülh sazişinə töhfə verməsi ilə bağlı deyildi, müəyyən məqsədlərə görə idi ki, planın da arxasında Qərb dairələri dururdu. Onlar uzun müddətdir qüvvələr nisbətini götür-qoy edir, Ermənistanın hücum və müdafiə potensialını gücləndirmək üçün səy göstərir, kəşfiyyat işləri görürlər.
Hazırkı vəziyyət ona işarə edir ki, Ermənistan münasibətləri yenidən kəskinləşdirərək, ciddi təxribatlara əl atacaq. Çünki sürətli şəkildə silahlanma, xarici xüsusi xidmət orqanlarının və hərbçilərin bu ölkədəki fəaliyyəti hazırda təkcə Azərbaycana qarşı yönələ bilər. Müharibədən keçən 3 ildən artıq müddətdə vaxt uzadan İrəvan sülh sazişinin onun üçün sadəcə bir manipulyasiya vasitəsi olduğunu əməlləri ilə göstərir. Amma Ermənistan anlamalıdır ki, Azərbaycan ən kiçik təxribata da sərt və adekvat cavab verəcək. İrəvanın güvəndiyi heç bir təşkilatın və dövlətin təzyiqi ölkəmiz üçün əhəmiyyət daşımır. Çünki beynəlxalq təşkilatların çoxu ermənipərəst siyasətləri ilə əsl simalarını göstəriblər".