Cəmiyyət bir daha gördü ki, Azərbaycan heç bir halda öz seçdiyi yoldan dönmək fikrində deyil - ÖZƏL
15 Fevral 2024 17:10 Siyasət"Prezidentin inaqurasiya çıxışında ölkənin qarşısında dayanan vəzifələr və gediləcək yolun əsas cığırları, izləri tezislər formasında göstərildi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Ümumi təəssürat bundan ibarətdir ki, Azərbaycan müxtəlif təzyiqlərə və qərəzli yanaşmalara məruz qalsa da, seçilmiş yolun bundan sonra da davam edəcəyi iradəsini nümayiş etdirir. Azərbaycanın inkişafında yeni bir mərhələ başlayır. Bu yeddi illiyə yenidən seçilmiş Prezidentin fəaliyyətə başlaması indiyə qədər görülən işlərin həm yekunu idi, həm də bundan sonrakı mərhələ üçün görüləcək işlərin anonsları verildi. Gördük ki, burada Ermənistana aid, onun havadarlarına aid, beynəlxalq mərkəzlərə, beynəlxalq təşkilatlara aid, eləcə də Azərbaycanın özünün ictimaiyyətinə və müxtəlif təbəqələrə aid konkret mesajlar var. Bu mesajların ümumi şəkildə sistemləşdirilməsi deməyə əsas verir ki, yeni mərhələdə Azərbaycanın artıq sistemli bir fəaliyyət planı var.
Ermənistanla münasibətlərin normallaşdırılması sahəsində Azərbaycan çox haqlı olaraq hər şeyə nöqtə qoydu ki, bundan sonra ölkənin normallaşma ilə bağlı hər hansı bir problemi olmayacaq. Əgər Ermənistan bunu istəyəcəksə, Azərbaycanın qapısına gələ bilər və Azərbaycanla danışıq apara bilər.
Bundan başqa, ölkənin daxilində sosial, iqtisadi islahatların davam etdirilməsi bir kurs kimi göstərildi. Ordunun gücləndirilməsi və ordunun gücləndirilməsinin ölkənin daxili və xarici siyasətdə qarşısında dayanan əsas məsələlərin həllinin vacib şərti olduğu bir daha ifadə olundu. Cəmiyyətimizin ideoloji yüklü hala gətirilməsi və bunun daha da gücləndirilməsi qarşıda dayanan ciddi vəzifələrdən biri kimi göstərildi. Çünki yeni mərhələdə qarşımızda dayanan vəzifələrdən biri cəmiyyətin yeni ideoloji istiqamətini müəyyənləşdirməkdir. Çünki ideyalar, həm də yeni şəraitə uyğun ideyalar olmasa, cəmiyyətimizin öz enerjisini aktiv şəkildə göstərilməsi üçün bir motiv olmaz. Ona görə də həm cəmiyyətin yeni şərait üçün ideyalarının müəyyənləşdirilməsi, həm də xüsusilə də müasir təfəkkürə və iş ənənələrinə malik gəncliyin yetişdirilməsi, milli-mənəvi dəyərlərin gəncliyə daha da doğmalaşdırılması yönündə dövlət səviyyəsində işin aparılmasının vacibliyi bir daha vurğulandı.
Azərbaycanın, xüsusilə də qərəzli və qeyri-obyektiv münasibət göstərən mərkəzlərlə münasibətlərinin də növbəti mərhələdə necə ola biləcəyi ilə bağlı aydın mesajlar, tezislər gördük və bəllidir ki, əgər bəzi beynəlxalq təşkilatların və bəzi dövlətlərin Azərbaycana indiyə qədər göstərdikləri qərəzli münasibətin kökü bu ölkənin müstəqil siyasəti ilə bağlıdırsa və bu müstəqil siyasət də bundan sonra da davam etdiriləcəksə demək, düşünmək və görmək çox asandır ki, həmin dairələrdən ölkəmizə təzyiqlər bundan sonra da olacaq və ehtimal ki, güclənəcək.
Əlbəttə inaqurasiya çıxışının mühüm istiqamətlərindən biri Azərbaycanın məhz bu təzyiqlərə hər zaman hazır olacağı və olmalı olduğu ilə bağlı cəmiyyətə verilən mesajlardır. Cəmiyyət bir daha gördü ki, Azərbaycan heç bir halda öz seçdiyi və getdiyi yoldan dönmək fikrində deyil. Əksinə, indiyə qədər göstərilmiş təzyiqlərin, basqıların, qeyri-obyektiv və ikili standartlar çərçivəsində olduğunu əla görür. Bu basqılarla artıq əldə etdiyi mübarizə təcrübəsində bundan sonra da söykənərək öz yoluna davam edəcək.
Bir sözlə, inaqurasiya çıxışında Azərbaycanın həm daxili, həm də xarici siyasətinin növbəti mərhələsi üçün sxemləri cızmağa yetərli qədər fikirlər, ideyalar var"