Prezident bir çıxışla önümüzdəki 7 ildə görəcəyi işlər haqqında dünyaya mesaj vermiş oldu - ÖZƏL
15 Fevral 2024 16:50 Siyasət"Cənab Prezidentin andiçmə mərasiminin ardından etdiyi çıxış bir çox istiqamətlər üzrə diqqətə layiqdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Yəni faktiki olaraq bu çıxışda hər bir cümlə Azərbaycanın və türk dünyasının sabahı ilə bağlı mesajlarla zəngin idi. Əlbəttə ki, şəxsən mənim üçün diqqətçəkən məqamlardan biri və birincisi deyərdim ki, bizim türk dünyası ailəsinin üzvü olduğumuzun vurğulanması idi. Cənab Prezident bu məsələnin üzərində çox ciddi şəkildə dayandı və xüsusi olaraq vurğuladı ki, bizim başqa yerlərdə yerimiz yoxdur. Heç kim bizi başqa yerdə gözləmir. Bizim yerimiz böyük türk coğrafiyasının, türk dünyasının içindədir. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, Prezidentin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşıdakı illərdə böyük canlanmaların şahidi olacağıq. Yəni Azərbaycan dövlətinin rəhbəri bir sonrakı dönəm üçün həm də Türk Dövlətləri Təşkilatı və böyük türk coğrafiyasının inteqrasiyası məsələlərinə çox böyük önəm verəcək.
Əlbəttə ki, bu, bizim üçün vacibdir, özəlliklə də türk coğrafiyasının böyüklüyünün vurğulanması, əhalisinin çoxluğunun vurğulanması, gücünün ayrıca vurğulanması. Bütün bunlar Azərbaycanın bir dövlət olaraq sabahı ilə bağlı aydın mesajlardır. Yəni biz bu vaxta qədər Türk Dövlətləri Təşkilatının qurucu üzvü olaraq xeyli yol qət etmişik. Bundan sonrakı mərhələdə Avropa, Amerika, İran bizim bəzi maraqlarımızla daban-dabana zidd davranışlar sərgiləyiblər. Yəni biz onlardan nicat ummuruq, nicat olunduğumuz tək faktor türk dövlətlərinin birliyidir, Türk Dövlətləri Təşkilatıdır.
Bu baxımdan cənab Prezidentin çıxışında bu məsələnin vurğulanmasını ayrıca qeyd etmək istərdim. Əlbəttə ki, Qarabağla bağlı quruculuq işləri, Azərbaycanın xarici, daxili siyasəti, xalqla təmasları və s. məsələlər də öz yerində. Yəni qeyd etdiyim kimi, o çıxışın hər bir cümləsi ayrıca təhlil edilməlidir və həmin cümlələrdən çıxan nəticə də budur ki, cənab Prezident əslinə qalanda, bir çıxışla özünün önümüzdəki yeddi ildə dövlət rəhbəri kimi görəcəyi işlər haqqında cəmiyyətə, bütövlükdə dünyaya mesaj vermiş oldu".