Azərbaycan bölgəmizdə bir güvənlik adasıdır-Kazım Kazımov- ÖZƏL
15 Fevral 2024 16:44 Siyasət"Cənab İlham Əliyevin 2003-cü ildə iqtidara gəlməsi və arxasınca davam edən proseslər Azərbaycanın nəhayi bir Zəfərə qovuşması, Azərbaycanın təkcə hərbi zəfərlərdə deyil, iqtisadi davamlılığı da bölgədəki sabitliyin Azərbaycanın əsas prioritet mövzularından biri olmağı təbii ki, təsadüfi məsələlər deyildi".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"2003-cü ildən bu yana cənab Prezident strateji bir xətt izləmişdi. Bu strateji xəttin əlbəttə ki, ayrı-ayrı koordinatları var idi. Əsas koordinatlarımız ərazi bütövlüyümüzün təmin edilməsi idi. Çünki, Azərbaycan öz ərazisinin beşdə birini itirmişdi və bir milyondan artıq vətəndaşı qaçqın olmuşdu. Bu dünyada heç bir azad və müstəqil ölkənin qəbul edə bilməyəcəyi faktor idi. Azərbaycan da bununla barışmadı və 2003-cü ildən davam edən bu strateji xətt üzrə ordusunu da, diplomatik missiyasını da gücləndirdi, bölgədə baş verən prosesləri də çox yaxından izlədi. 2020-ci ildə zamanı gəldiyində artıq uzun-uzadı görüşmələrin heç bir nəticə vermədiyini gördükdə Azərbaycan ordusu professional bir şəkildə 44 günün içərisində torpaqlarımızı erməni işğalından tamamilə azad etdi. Xankəndinin ətrafında qalan separatçı qüvvələr də sentyabr ayında keçirilən qısamüddətli bir tədbir nəticəsində bu torpaqları tamamilə azad etdi və Azərbaycanın suverenliyi bütün Qarabağda və ətrafında bərqərar oldu. Təbii ki, burada ordumuzun hərbi Zəfəri ilə yanaşı Azərbaycan Prezidentinin qurduğu xarici və daxili siyasətin də uğuru var idi ki, ölkə iqtisadiyyatı bu savaşdan sarsıntı keçirmədi. Qərbdə antiazərbaycan qüvvələri aktivləşsə də Azərbaycana qarşı hər hansı bir ciddi addım ata bilmədilər. Digər tərəfdən Azərbaycan 2003-cü ildən 2024-cü ilə qədər çox ciddi bir yol izləmişdir. Azərbaycan əhalisinin gəlirlərinə baxdığımızda 2003-cü ildən bu yana bu göstərici dəfələrlə artmışdır. Eyni şəkildə iqtisadi davamlılıq hökm sürmüşdür. Biz xatırlayırıq ki, 2008-ci ildə dünyada beynəlxalq maliyyə böhranı olmuşdur, yenə 2020-ci ildə pandemiya ilə birlikdə dünyada yeni bir iqtisadi böhran meydana gəlmişdir. Həm 2008, həm 2020-ci il böhranını Azərbaycan çox uğurla atmışdır. Bu da təbii ki, güclü iqtisadi siyasətin nəticəsidir. Digər tərəfdən isə stabillik çox önəmli bir faktordur. Təəssüflər olsun ki, coğrafiyamıza baxdıqda təlatümlü günlərin yaşandığını gördük. Hətta Rusiya uzun müddət Çeçenistanla qarşı-qarşıya qaldı, Ukrayna və Rusiya müharibəyə cəlb olundu. 2008-ci ildə Gürcüstan və Rusiya arasında müharibə baş verdi. Azərbaycan özü də Ermənistan kimi təcavüzkar bir qonşu ilə qarşı-qarşıya qalmağına baxmayaraq daxili sabitlik qorundu və Azərbaycanda hərbi əməliyyatlar zamanı da daxili sabitliyimiz əsla pozulmadı və bu gün də davam edir. Azərbaycan bölgəmizdə bir güvənlik adasıdır desək heç də bəlağətli nitq söyləmiş olmarıq. Tam əksinə, müstəqil fikirlərimizi realistik bir şəkildə ifadə etmiş olarıq."