Prezidentin çıxışı Azərbaycanın gələcək yol xəritəsi kimi dəyərləndirilə bilər - ÖZƏL

"Azərbaycan Prezidentinin inaqurasiya mərasimində çıxışı zamanı söylədiyi fikirlərin əsas ana xəttini təşkil edən birinci məsələ ondan ibarətdir ki, Azərbaycan yeni Prezident seçkilərinə, yeni dövrə artıq öz ərazilərini işğaldan azad etmiş və suverenliyini tam bərpa etmiş bir ölkə kimi gedir". 

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Bu, birinci məsələdir. Eyni zamanda, Azərbaycan Prezidenti bu günə qədər Azərbaycan dövlətinin qarşısında durmuş vəzifələr və bundan sonra duracaq vəzifələrin nələrdən ibarət olduğu ilə bağlı məsələlərə toxundu. Təbii ki, müdafiə qabiliyyətinin daha da artırılması, gücləndirilməsi, iqtisadi məsələlər ön plandadır. Eyni zamanda, beynəlxalq inteqrasiya prosesləri, yəni ki, Azərbaycanın beynəlxalq birliklə əlaqələrinin dərinləşdirilməsi məsələsi, xüsusilə də Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin genişləndirilməsi məsələsinə toxundu.

Eyni zamanda, Azərbaycan Prezidenti beynəlxalq birliyin Azərbaycana olan etibarı məsələsinə xüsusi diqqət yetirdi. Burada həm Azərbaycanın BMT-yə qeyri-daimi üzv seçilməsi ilə bağlı 155 dövlətin verdiyi səslər, eyni zamanda Qoşulmama  Hərəkatı ilə bağlı 120 dövlətin verdiyi səslər və s. bunlar hamısı əslində bizim əldə etdiyimiz xarici siyasət uğurlarının tərkib hissəsi kimi dəyərləndirilə bilər. 

Yəni bir sözlə, Prezidentin ən çox toxunduğu məsələ müdafiə məsələləridir, iqtisadi məsələlərdir, sosial məsələlərə xüsusi diqqət yetirdi. Burada eyni zamanda önəmli bir məsələ də vardı, ideoloji məsələ. Dövlətçiliyin, ideoloji baxımdan ideoloji aspektlərin tam möhkəmləndirilməsi məsələsi  xüsusi önəm daşımaqdadır. Yəni Azərbaycan dövlətinin gələcəyi həm də onun ideoloji təbliğatının daha da güclü aparılmasındadır və biz Azərbaycan dövləti olaraq bundan sonrakı həyatımızı bizim xalqımızın, millətimizin bir ideoloji xətt üzrə, belə deyək ki, gücləndirilmiş formada işlənməsindən keçir. Çünki hər bir güclü dövlətin əsas təməl daşını məhz onun ideologiyası daşıyır. 

O baxımdan düşünürəm ki, Azərbaycan Prezidentinin çıxışı məhz bu istiqamətlərə xüsusi diqqət yetirməyi tələb edir. Məncə, bu, həm də bir növ Azərbaycanın gələcək yol xəritəsi kimi dəyərləndirilə bilər. Çünki bu yol xəritəsi ilə artıq biz növbəti dövr üçün hansı strateji planların həyata keçirilməsini görmək imkanına malik ola bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31