Bu dönəmin yalnız regional deyil, həm də qlobal riskləri var-Əli Mustafa- ÖZƏL
15 Fevral 2024 14:36 Siyasət"Bizim müharibədən sonrakı yeni vəziyyətimiz bizi bir daha xüsusilə təhlükəsizlik, ordu quruculuğu məsələlərində daim hazırlıqlı olmağa vadar edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Yeni dönəm gəlir, bu dönəm də "hamı hamıya qarşı" adlanır. Bu dönəmin yalnız regional deyil, həm də qlobal riskləri var. Dünyanın yeni dönəmdə hansı dəyişikliklərə məruz qalacağı, sarsıntılardan keçəcəyi çox da proqnozlaşdırılmır. O baxımdan ölkənin müdafiə sənayesinin gücləndirilməsi, qabiliyyətinin artırılması, sərhədlərin qorunması olduqca vacibdir. Söhbət həm fiziki sərhəddən, həm də ideoloji sərhəddən gedir. Yeni dönəm internet dönəmidir və internet dönəmində ideoloji sərhədlərə nəzarət etmək olduqca çətindir. İnternet artıq hər kəsi birbaşa böyük güclərə çıxardır. Dünyanı format edən, sıfırlayan, yeni dünya düzəni quran güclərin artıq internet üzərindən hər bir insanla fərdi işləmək, beyni ilə işləmək imkanları var. Bunun qarşısını yalnız ailə, məktəb, təhsil ala bilər. Əgər 5-10 il bundan öncə cəmiyyətə ideoloji təsir qəzet, televiziya, radio üzərindən edilirdisə, bunu müəyyən qədər önləmək olurdusa, indi artıq internetin yaratdığı şərait bu maneələri bir növ gücsüz edir. Gənc nəsilin tərbiyyəsi, təlimi zərərli kənar subyektlərin təsirlərinə düşməməsi üçün bütövlükdə cəmiyyət səfərbər olunmalıdır. Təbii ki, ideoloji məkana da nəzarət olunmalıdır. Əlbəttə, milli vətənpərvərlik ruhu olduqca vacibdir. Cəmiyyət, gənclər nə qədər çox milli dəyərlərə bağlı olurlarsa, onları korlamaq, onlara təsir etmək o qədər çətin olur. Bu məsələlər aktualdır və kifayət qədər doğru müəyyən olunub. Bu istiqamətdə bütöv millət olaraq düşünməmiz şərtdir".