Güclü ordu təhlükəsiz dövlət anlamı daşıyır-Elçin Xalidbəyli- ÖZƏL

"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bir dövr sona çatmış oldu. Belə ki, Azərbaycan təxminən son 30 ildə ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizə aparırdı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Azərbaycan dövlətinin bütün resursları ilk növbədə məhz bu önəmli tarixi hədəfin reallaşdırılmasına yönəldilmişdi. Azərbaycan bu hədəfə artıq çatıb. Çünki Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Növbədənkənar prezident seçkiləri də müstəqillik tariximizdə ilk dəfə olaraq, Azərbaycanın bütün ərazisini əhatə edib. Bununla da Azərbaycanda bir dövr qapanıb və dərhal da yeni inkişaf mərhələsinin əsası qoyulub.
Təbii ki, yeni inkişaf mərhələsində də Azərbaycan ordusunun daha da gücləndirilməsi əsas dövlət prioritetləri sırasında yer alacaq. Çünki, Azərbaycanın milli təhlükəsizlik maraqlarının təmin olunmasında Azərbaycan ordusu əvəzolunmaz səviyyədə həlledici rol oynayır. Müasir dövrdə güclü ordu, təhlükəsiz dövlət anlamı daşıyır. Ona görə də, Azərbaycan ordusunun bütün ehtiyaclarının ödənilməsi, xüsusilə də, ən müasir hərbi texnika ilə təmin edilməsi olduqca vacibdir. Bu baxımdan, rəsmi Bakının Azərbaycanın hərbi sənaye kompleksini inkişaf etdirmək qətiyyəti ölkənin milli təhlükəsizlik maraqları baxımından, önəmli prioritetlər sırasına daxildir.
Təbii ki, yeni inkişaf mərhələsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin məskunlaşdırılması, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması strateji əhəmiyyət daşıyır. Çünki Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin məskunlaşdırılması ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişaf edərək, güclənməsinə münbit şərait yaradacaq. Bütün bunlara nail olmaq üçün isə Azərbaycanın Ermənistanla sərhəd bölgələrində təhlükəsizliyin təmin edilməsi həlledici səviyyədə böyük önəm daşıyır. Ona görə də, Azərbaycanın sərhəd təhlükəsizliyi infrastrukturunun ən müasir tələblərə uyğunlaşdırılaraq, yenidən qurulması istiqamətində atılan addımlar təqdirəlayiqdir. 
Azərbaycan xalqı son 30 il ərzində birmənalı şəkildə əmin oldu ki, ölkəmiz qeyri-dost dövlətlərlə həmsərhəddir. Ona görə də, Azərbaycan dövləti heç vaxt arxayınlaşmamalıdır. Bu baxımdan, Azərbaycan gəncliyinin də üzərinə böyük məsuliyyət düşür. Azərbaycan gəncliyi ölkəmizi xarici düşmənlərdən qorumağa daim hazır olmalıdır. Bu baxımdan, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda tərbiyə olunaraq, yetişdirilməsi əsas ideoloji prioritetlərimizin sırasında yer almalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31