Azərbaycan heç bir dövlətin marağına xidmət etmir-Sultan Zahidov- ÖZƏL
15 Fevral 2024 12:38 Siyasət"Fevralın 12-də Ermənistan tərəfindən Azərbaycan-Ermənistan şərti sərhədində Azərbaycana qarşı növbəti təxribatın şahidi olduq".
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Ermənistanın Qafan rayonunun Nerkin Hand yaşayış məntəqəsindən Azərbaycanın Zəngilan istiqamətindəki mövqelərinə atəş açılmış, nəticədə DSX-nin bir hərbçisi yaralanmışdır. Bunun nəticəsində DSX fevralın 13-də qisas əməliyyatı həyata keçirmiş, Ermənistan silahlı qüvvələrinin Nerkin Handdakı döyüş postu tamamilə darmadağın edilmiş, ermənilərdən 4 nəfər həlak olmuş, bir neçə nəfər isə yaralanmışdır. Bu onun göstəricisidir ki, Ermənistan sülhdə maraqlı deyil, hər vəchlə sülh prosesini yubatmağa çalışır. İkincisi isə Ermənistan bu gün də Cənubi Qafqaz regionunda maraqlı olan müxtəlif qüvvələrin əlaltısı, peşkəşi rolunda çıxış etməkdədir. Daha dəqiq desək, Ermənistanı Fransa, Hindistan, İran kimi dövlətlərin silahlandırdığını bilirik. Burada xüsusilə, Fransanın rolu diqqətə gətirilməlidir. Bilirik ki, Fransa son bir neçə ildə Ermənistan vasitəsilə Cənubi Qafqazda nüfuz sahibi olmağa, öz təsir dairəsini genişləndirməyə çalışır. Buna nail olmaq üçün də regionda yeni münaqişə ocaqları yaratmaq istəyindədir. Qeyd etmək lazımdır ki, bu təxribatdan sonra Ermənistanın yerli mediasında belə bir təbliğat getdi ki, guya Rusiyanın sərhədçiləri Aİ-nin Ermənistandakı müşahidə missiyasını Qafanda yerləşən Aşağı Hənd kəndinə buraxmadı. Məhz bu səbəbdən də müşahidə missiyası həmin o toqquşmanı müşahidə edə bilmədi. Bu təbliğat açıq şəkildə onu göstərir ki, Ermənistan Avropa Birliyinin müşahidə missiyasının mandatını uzatmağa, legitimləşdirməyə və beynəlxalq ictimaiyyət önündə müşahidə missiyasına olan dəstəyin artırılmasına çalışır. Avropa Birliyi özü də bunun marağındadır. İkincisi isə Ermənistan bu yolla Rusiyanın Ermənistandakı fəaliyyətinin destruktiv olduğunu göstərməyə çalışır. Daha dəqiq desək, Rusiya qoşunlarının Ermənistandan çıxarılmasını hədəfləyir. Eyni zamanda, Ermənistanın KTMT-dən çıxarılmasına nail olmağa çalışır. Bu təbliğat ilə Ermənistan bir tərəfdən özündən uzaqlaşdırmaqla Avropa Birliyi müşahidə missiyasının Ermənistan üçün daha faydalı olduğunu göstərmək istəyir Halbuki, baş verənlər göstərir ki, Avropa Birliyinin müşahidə missiyası regionda heç də konstruktiv rolda çıxış etmir. Xatırlatmaq lazımdır ki, bir neçə ay öncə müşahidə missiyasının sayı 209-a çatdırıldı. Burada Fransa və Almaniyadan jandarm və polis qüvvələri də cəlb olunub. Bu müşahidə missiyası baş verən təxribarların qarşısını nəinki alır, əksinə Ermənistanın Azərbaycana qarşı daha çox sabotaj və təxribat törətməsinə vəsilə olur. Təxminən 5 aydır ki, şərti sərhəddə hər hansı bir toqquşma qeydə alınmırdı. Bu özü də bir göstəricidir. Amma 5 aydan sonra bu sükutun pozulması ona dəlalət edir ki, Avropa Birliyi sülhdə heç də maraqlı deyil və bu kimi toqquşmalar əksinə, Avopa Birliyinin maraqlarına uyğundur ki, bu yolla Avropa Birliyi regionda öz mövcudluğunu uzatmağa nail ola bilir. Digər tərəfdən biz Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borellin bəyanatını görürük. Bu bəyanatda Azərbaycana qarşı əsassız ittihamlar yer alırdı. Azərbaycan tərəfi günahlandırılmış, hətta orada "Dağlıq Qarabağ" adı çəkilmiş, Qarabağdan könüllü şəkildə çıxan ermənilərə xitabən məcburi köçkün ifadəsi işlədilmişdir. Bizim xarici işlər nazirinin bununla bağlı əks bəyanatı da oldu. Amma Cozep Borellin bu açıqlaması onu göstərir ki, erməni təxribatına göz yuman Cozep Borell bir daha Azərbaycanı günahlandırmış, bununla da Avropa Birliyinin qərəzli mövqeyini nümayiş etdirmişdir. Digər tərəfdən Ermənistanın bu təxribatı yalnız Zəngilan istiqamətində olmadı, Azərbaycan mövqelərinə qarşı Tovuz istiqamətində də hücumlar həyata keçirildi. Kəlbəcərdə Azərbaycanım döyüş mövqelərinə qarşı növbəti təxribat həyata keçirilməsinə çalışılıb, lakin Azərbaycan qoşunlarının çevikliyi nəticəsində bu təxribat sözsüz ki, baş tutmadı. Bütün bunlar onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı olan addımları bir mərkəzdən yönəldilir və hamısı planlı şəkildə həyata keçirilir. Ermənistan tərəfinin açıqladığı kimi heç də bir əsgərin təşəbbüsü deyildir. Avropa Birliyi ilə bağlı onu da qeyd edim ki, fevralın 12-də təxribatdan əvvəl Avropa Birliyinin Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırıldı. Burada ona bildirildi ki, Avropa Birliyinin müşahidə missiyasının regionda olması sülhə və təhlükəsizliyə töhfə vermir. Çünki, müşahidə missiyası öz mandatına zidd fəaliyyətlər həyata keçirir, binokl diplomatiyası ilə müxtəlif şəxslərin şərti sərhəd bölgəsinə gətirilməsinə bir növ vəsilə olur. Bu yolla da iki ölkə arasında gedən sülh prosesinə mənfi təsir göstərir. Bununla bağlı XİN öz mövqeyini bildirdi. Bütün bu olanlar bir daha onu göstərir ki, regionda böyük dövlətlərin maraq toqquşması baş verməkdədir. Avropa Birliyi kimi qurumlar, Fransa kimi dövlətlər Ermənistandan bir vasitə olaraq istifadə etməkdədirlər. Onlar Ermənistanın maraqlarında heç də maraqlı deyillər, sadəcə öz maraqlarını düşünürlər. Məşhur isveçli tətqiqatçı Svante Kornek özünün "Small Nations and Great Powers" əsərində qeyd edir ki, Cənubi Qafqazda maraqlı olan böyük dövlətlərin heç biri region dövlətlərin maraqlarını nəzərə almır. Yəni, bu qüvvələr region ölkələrin istəklərinə önəm vermirlər, sadəcə və sadəcə öz maraqlarını güdürlər. Bu gün Fransanın Ermənistanı təxribata sövq etməsi, eyni zamanda, digər ölkələrin geosiyasi ziddiyyətləri fonunda bir-birilə rəqabət aparması, bütün bunların fonunda da sülhüm, sabitliyin baş verməməsi onu göstərir ki, hər bir qüvvə öz marağını güdür. Mümkün olduğu qədər də region dövlətlərdən bu maraqların yerinə yetirilməsi naminə istifadə etməyə çalışılır. Sözsüz ki, Azərbaycan heç bir dövlətin marağına xidmət etmir. Yalnız öz xalqının, dövlətinin milli maraqlarını təmin etməyə çalışır. Amma təəssüflər olsun ki, Ermənistan kimi dövlətlər onun-bunun əlaltısı olaraq regionda destruktiv fəaliyyətlər göstərməyə, təxribatlar həyata keçirməyə davam edir ki, son nəticədə də regiondakı təhlükəsizlik mühiti daha da gərginləşir".