Missiyanın məqsədi hər fürsətdə Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil etməkdən ibarətdir-Yusif Bağırzadə- ÖZƏL
14 Fevral 2024 14:44 Siyasət"Avropa İttifaqının Ermənistandakı missiyasının susqunluğu, təxribatda maraqlı olduğunu deməyə əsas verir".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Əslində bu missiya regional sabitlik, habelə iki ölkə arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərə xidmət edərək Ermənistanın təxribatını dərhal qınamalı və bununla bağlı müvafiq bəyanatla çıxış etməli idi. Amma bu baş vermədi. Demək ki, missiyanın məqsədi sabitlik və müşahidə deyil, hər fürsətdə Azərbaycan qarşı qarayaxma kampaniyası təşkil etməkdən və Ermənistanın təxribatlarına haqq qazandırmaqdan ibarətdir. Bəlli olur ki, Aİ missiyasının genişləndirilməsinin arxasında da elə məhz bu və digər təxribatlar gizlənir.
Rəsmi İrəvanın təxribatlar törətdiyi bir vaxtda Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, Fransadan olan deputat Natali Loiseaunun Ermənistana səfər etməsi və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşməsi, həmin görüşdə yenə də Azərbaycana qarşı yersiz və əsassız mövzuların gündəmə gətirilməsi də onu göstərir ki, Avropa qurumları regionda sabitlikdə deyil məhz gərginlikdə maraqlıdırlar.
Azərbaycan tərəfi haqlı olaraq hələ sərhəd təxribatından öncə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonu Xarici İşlər Nazirliyinə çağıraraq ona Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətindən ciddi narahatlığını ifadə edib. Çünki sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd fəaliyyət göstərdiyi, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu gün kimi ortadadır.
Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən "binokl diplomatiyası"nın agentinə çevrildiyi danılmaz faktdır. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu da ortadadır.
Məhz elə bu cür fəaliyyətin nəticəsidir ki, Ermənistan Aİ missiyasının bölgədə monitorinq aparmasından çəkinməyərək belə bir cinayətləri törətməyə cürət edir".