Azərbaycan hərbi təxribatlarda maraqlı deyil- ÖZƏL
14 Fevral 2024 11:15 Siyasət"Ermənistanın Qafan rayonu ilə şərti sərhəddə Azərbaycan əsgərinin qarşı tərəfin açdığı atəş nəticəsində yaralanması, bir neçə ay davam edən nisbi sakitlikliyə son qoydu. Ermənistanla şərti sərhəddə de-fakto sülhü fırtınaqabağı sakitlik kimi xarakterizə etmək olardı. Bu nisbi sakitliyi prezident İlham Əliyev də yüksək qiymətləndirmişdi. Bununla da görsənirdi ki, Azərbaycan hərbi təxribatlarda maraqlı deyil". "Olaylar" xəbər verir ki, bunu MCP Başqanın müavini Məhəmməd Əsədullazadə deyib: "Atəşkəsin pozulması əsasən, diplomatik müstəvidə gedən siyasi proseslərdən irəli gəldi. Bir neçə gün əvvəl Avropa İttifaqının prezidenti Şarl Mişel prezident İlham Əliyevə zəng edərək, vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərini növbəti görüşə dəvət etdi. Azərbaycan bu görüşü qəbul etdi. Həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının işi ikitərəfli müstəvidə davam edir. Bu siyasi dinamikadan Rusiya narahatdır və rəsmiləri Qarabağ məsələsini gündəmdə saxlamaq üçün ermənilərin geri qayıdış məsələlərini gündəmə daşıdı. Bununla da iki ölkə arasında sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığını göstərdi. Məhz şərti sərhəddə Azərbaycan hərbiçisinə atəş açan "Yerkpara" hərbi könüllü təşkilatıdır. Bu təşkilat birinci və ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb və kifayət qədər Ermənistanda nüfuzlu hərbi təşkilatdır. Bu qrup Qarabağ klanına yaxındır və uzun illər bu təşkilatın silahlanması və təlimləri Rusiya tərəfindən həyata keçirilib. Xüsusilə Ermənistanda Rusiyanın 102- ci bazası Yerkparanın əsas logistik mərkəzi olub.
Bu təşkilatın rəhbərliyi Rusiyaya yaxın şəxslərdi və onların fəaliyyətinə N. Paşinyan şərait yaradıb. Görünür, Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı nəticəsində sərhəddə Yerkparanın 50 yaşlı üzvülərinə həvalə olunub. "Yerkparanın" məhz sülh prosesini sabotaj etmək üçün belə bir təxribata əl atması mümkündür. Əgər, N. Paşinyan Azərbaycanla şərti sərhəddə "Yerkparanı" ləğv etməsə, bu təxribatlar davamlı olacaq və Ermənistan hakimiyyətinin müharibədə maraqlı olduğu aydın olacaq. Yerkpara Azərbaycanla sülhə qarşıdır və təlimatları Rusiyadan alır. Ermənistan hakimiyyətinin belə bir terror təşkilatından istifadə etməsini Azərbaycan beynəlxalq müstəviyə çıxarmalıdır".