Qisas əməliyyatı çox vaxtında və düzgün atılmış addımdır-İlyas Hüseynov- ÖZƏL
13 Fevral 2024 16:20 Siyasət"Sərhəddə baş verən insident birbaşa olaraq Aİ-nin mülki missiyasının məsuliyyət zonasına aid olduğu üçün bizdə əsaslı şübhələr var ki, bu hərbi siyasi təxribat birbaşa olaraq Aİ-nin iştirakı və təhriki ilə baş vermişdir".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Digər tərəfdən insident baş verən gündə Aİ-nin Azərbaycanda olan nümayəndəsi Peter Mixalko Xarici İşlər Nazirliyinə dəvət olundu. Ona mövcud vəziyyət izah olundu. Bildirildi ki, Aİ-nin binokl diplomatiyası heç də sülhə xidmət etmir, təhlükəsizlik mühitini zədələyir və Aİ-nin mülki missiyasının Ermənistanda fəaliyyəti əvvəldən bəyan olunmuş məqsədlərə və mərama uyğun olmalıdır. Digər tərəfdən Aİ-nin bu missiyası həm də Ermənistanın çirkin və məkrli addımları üçün də bir pərdələnmək missiyasıdır. Düşünürəm ki, bu missiya yalnız müxtəlif geopolitik mərkəzlərin sifarişlərini yerinə yetirir. Bu da əlbəttə ki, sülh və təhlükəsizlik mühitinə ciddi maneələr törətməkdədir. Ona görə də düşünürəm ki, qisas əməliyyatı çox vaxtında və düzgün atılmış addımdır. Regionumuz üzərində hansısa geosiyasi layihələri həyata keçirmək istəyən qüvvələr də Azərbaycanın gücünü gördü və bundan dərs çıxartdı".