Kiçik Ermənistan böyük oynamaq istəyir -Şəbnəm Həsənova- ÖZƏL

"Azərbaycanın dəfələrlə sülh dolu çağırışlarına baxmayaraq uzun muddət idi ki, Ermənistan planlı şəkildə addımlar atır, ordunun silahlandırılması istiqamətində havadarlarının dəstəyi ilə konkret işlər icra edirdi". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:

"Fransa və Hindistan kimi dövlətlərlə hərb sənayesi sferasında əlaqələr genişləndirilir, bu prosesin davamlı olacağı istiqamətində Ermənistanın rəsmi şəxslərindən açıqlamalar eşidilirdi. Baş nazir Nikol Paşinyanın "The Telegraph" nəşrinə müsahibəsi də bütünlüklə sərt ritorikaya köklənmişdi. Revanşist ritorika özünü konkret əməldə-Azərbaycana qarşı növbəti təxribatda büruzə verdi. Ermənistan bir şeyi dərk etməlidir ki, arxasında dayanan, ona hərbi, siyasi, iqtisadi, mənəvi dəstək verən heç bir qüvvəyə güvənmək olmaz. 44 günlük müharibə və bunun nəticəsi olaraq Ermənistanın düşdüyü gülünc vəziyyət onlara dərs olmalıdır. Əgər bu cür təxribatlar davam edərsə Ermənistan daha rəzil günə düşəcək. Bir məsələ də var ki, Ermənistan ordusunda rəhbərlikdən kənar göstəriş alan və icra edən dairələr də mövcuddur. 
Ermənistana sülh və normal qonşuluq münasibətləri təklif olunur. Belə davam etsə təklifimiz masa üzərindən nəinki götürüləcək, onu başqa vasitələr əvəz edəcək. İstənilən təxribatın qarşısı daha kəskin formada alınacaq. Burada da xalq və dövlət eyni fikirdədir. Əgər belə olmasa dövlət və ordu lazımi tədbirləri görəcək, prosesləri qızışdıranlar isə xalqımızın kin və hiddət dalğası ilə yenidən üzləşəcək. Azərbaycan xalqı binokldan boylanmayıb, öz başı üzərindən harasa sıçramayıb, öz torpaqlarında şəhidlərin canı-qanı bahasına mübarizə aparıb. Aİ-nin Ermənistandakı Monitorinq Missiyası niyə hər şeyi yenidən uçuruma yuvarlayır? Azərbaycan xalqı yıxıcı, dağıdıcı bütün məqsədləri rədd edir. Sərhəddə indiyə qədər mövcud olmayan sakitlik var idi. Bunun pozulması heç bir məntiqə sığmır. İki dövlət və cəmiyyət arasında etimad quruculuğu üzrə işlər gedir. Bu tip təxribatlar isə əldə olunmuş nəticələrə ciddi zərbədir. Bəs bu missiya neytral aktor idi? Neytrallıq budur? 30 ilə yaxın zaman və göstərilən bu münasibət bəlli etdi ki, deyil. Ermənistan anlamalıdır ki, regional qüvvələri itələməklə regiondan kənar arxa axtarmaq böyük fəlakətlərə gətirib çıxaracaq. Belə bir hadisənin baş vermə ehtimalında belə ayaq altında ilk qalan elə məhz Ermənistanın özü olacaq. Kiçik Ermənistan böyük oynamaq istəmir. Bu isə alınan deyil. Bu baxımdan bütün  məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ermənistanın mövcud addımları, regiondan kənar aktorların isə burada dağıdıcı fəaliyyəti yolverilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31