Baş vermiş təxribat, əsgərimizin yaralanması məqsədyönlü şəkildə həyata keçirilib- ÖZƏL
13 Fevral 2024 14:30 Siyasət"Azərbaycan-Ermənistan şərti dövlət sərhədində bu günə qədər demək olar ki, stabillik var idi. Amma görünür ki, Ermənistan tərəfi yenə təxribat yaratmağı üstün tutur, yenə də təxribatlardan əl çəkmək istəmir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Axı bu, artıq Qarabağ ərazisi deyil. Artıq Ermənistan-Azərbaycan şərti dövlət sərhədidir və belə halda baş verən təxribatları Ermənistan artıq qondarma rejim və s. terrorçu qruplaşmaların üzərinə ata bilməz. Artıq öz hərbçiləridir və etdikləri hərəkət də birbaşa onların üzərinə məsuliyyət qoyur.
Mən hesab edirəm ki, baş vermiş təxribat, əsgərimizin yaralanması məqsədyönlü şəkildə həyata keçirilmişdir. Azərbaycan da adekvat olaraq onlara qarşı qisas əməliyyatı keçirdi və lazımi nəticəni əldə etdi. Yəni onların həmin hissədə yerləşən postları dağıdıldı və bu çox önəmli məsələdir. Bilirsiniz ki, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirmişdi ki, bizim əsgərimizə, bizə qarşı yönəlik istənilən təxribatın qarşısı layiqincə alınacaq və adekvat addımlar atılacaq və bu da atılır. Mən düşünürəm ki, bu gün baş verənlər, yəni bu təxribat halı ki baş verdi və biz də bunu qisas əməliyyatı ilə sonlandırdıq, bu, Ermənistanın daxilində olan qüvvələrin və ona dəstək verən xarici havadarların birbaşa iştirakı ilə baş verir. Hansı ki, bölgədə sülh istəmirlər. Yəni sülh prosesinə gedən yolda belə bir təxribat etməklə yenidən prosesləri pozmağa çalışırlar. Xatırlayırsınızsa, bir gün öncə Paşinyanın belə bir açıqlaması gəldi ki, biz bəzi məsələlərdə razılaşmışıq. Onu deyən kimi dərhal hərəkətə keçdilər, yenidən təxribat törətdilər və Azərbaycan da buna cavab vermək məcburiyyətindədir. Mən hesab edirəm ki, beynəlxalq hüququn bizə verdiyi imkanlardır ki, biz istifadə edib öz ərazi bütövlüyümüzü, suverenliyimizi qorumağa imkanımız, haqqımız çatır. O baxımdan düşünürəm ki, Azərbaycanın qisas əməliyyatı birbaşa beynəlxalq hüququn bizə verdiyi imkanlardan istifadə edərək həyata keçirilən bir hərəkətdir və düşünürəm ki, Azərbaycan tərəfi bundan sonra baş verəcək istənilən bir təxribata qarşı da hazırdır, adekvat cavab verməyi həyata keçirə bilər".