Aİ-nin “binokl diplomatıyası” sülhə qarşı çıxır- ÖZƏL
13 Fevral 2024 13:39 Siyasət"44 günlük Vətən müharibəsində qalib tərəf olan Azərbaycanın dəfələrlə sülh təşəbbüsü ilə çıxış etməsinə baxmayaraq Ermənistan regionda təhlükəsizliyin bərqərar olmasında maraqlı görünmür. Sözdə özünü sülh tərəfdarı kimi göstərməyə çalışan Ermənistan siyası rəhbərliyi əməldə təxribat törətməyə meyilli görünür". "Olaylar" xəbər verir ki, bunu deyən hüquqşünas Alim Hüseynlinin sözlərinə görə, Ermənistanın fevralın 12- də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribat bunun bariz nümunəsidir: "Düzdür, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatına qətiyyətli qisas əməliyyat ilə cavab verdi. Çünki, Ali Bas Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Ancaq məsələ orasındadır ki, Ermənistanı belə bir addım atmağa vadar edən zərurət nədən ibarət idi?
Əvvala qeyd edək ki, sözügedən təxribat Ermənistanı himayə edən xarici dairələrlə razılaşdırılmış bir addım idi. Başqa sözlə, Fransa, eləcə də Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən Avropa İttifaqının "binokl diplomatıyası"nın təmsilçiləri İrəvanı təxribat xarakterli addım atmağa sövq ediblər. Təbii ki, Ermənistan anlamamış deyil ki, törədilən təxribat Azərbaycanın təklif etdiyi sülh təşəbbüsünə qarşı atılmış bir güllədir. Heç şübhəsiz ki, belə bir addım Ermənistanla Azərbaycan arasındakı mövcud münasibətə ciddi zərbə vuracaq. Ona görə ki, təxribatın Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi gün kimi aydındır. Ermənistan bununla Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır".
Onun sözlərinə görə, görüntü ondan ibarətdir ki, ABŞ və Fransa Azərbaycanı yenidən müharibəyə təhrik etmək istəyirlər: "Qərb Yaxın Şərqdə vəziyyəti gərginləşdirdiyi kimi, Cənubi Qafqazda da münaqişə ocağı yaratmağa çalışır, burada da oxşar qanlı proseslərin cərəyan etməsinə zəmin hazırlayır. Bu münaqişə ocağının Rusiya və İran sərhədlərində alovlanması gərginlik arealının miqyasının daha da genişlənməsinə gətirib çıxara bilər. Belə halda bütün məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür".