Avropa İttifaqının missiyası erməni hərbçisini sülhə atəş açmağa vadar elədi - ÖZƏL
13 Fevral 2024 12:45 Siyasət"Baş verən hadisələrdə birinci növbədə Ermənistanın indiki hakimiyyəti məsuliyyət daşıyır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Sağda-solda "sülh istəyirik", "sülh sazişi imzalamaq istəyirik" bəyanatları verməklə deyil. Yəni əməldə də sülh istədiyini, sülh sazişinin imzalanmasını istədiyini göstərməlisən, sübut eləməlisən. Təəssüf ki, biz əməldə bunun əksini görürük. Silahlar danışır, bunu görürük. Ermənistan tərəfi atəş açır. Özü də bu atəşi təkcə qalib Azərbaycan əsgərinə qarşı açmır. Ermənistan hərbçisi və onu ilhamlandıran, həvəsləndirən Nikol Paşinyan sülhə, sülh sazişinə atəş açır və burada həm də eyni zamanda, Fransa günahkardır. Burada Ermənistanı silahlandıran digər ölkələr günahkardır. Başda da təbii ki, Fransa gəlir. Silahlandırmaqla, cəsarətləndirməklə, aqressiyaya həvəsləndirməklə bu nəticəni yaratmış olurlar. Çox təəssüf edirəm, lakin əmin olsunlar, necə ki, Azərbaycan əsgəri, hərbçisi qətiyyətlə və sərt bir şəkildə bu açılan atəşə, atəşi açanlara, onun arxasında duranlara cavabını verib, bundan sonra da elə olacaq. Bu atəşin açılmasında, həm də Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası qrupu günahkardır. Onun hər dəfə gəlib binokldan Azərbaycan tərəfinə baxmağının görünür ki, nəticəsi belə olurmuş. Avropa İttifaqının missiyası erməni hərbçisini sülhə atəş açmağa vadar elədi və cavablarını da artıqlaması ilə aldılar. Bütün bu casusluq, təxribat, atəş açılması, silahlanma, aqressiyanın cavabı verilir və bundan sonra da qətiyyətlə, sərt şəkildə veriləcək".