Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlər müşavirəyə yollanıb

Xəbər verdiyimiz kimi, növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

Olaylar.az-ın məlumatına görə, iclasda məruzəçi hakimlərdən Sona Salmanova və Kamran Şəfiyev çıxış edib.

S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

K.Şəfiyev isə seçkilərin qanunvericiliyə uyğun keçirildiyini qeyd edərək seçkilərin nəticələrinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu vurğulayıb.

İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib.

M.Pənahov namizədlərə yaradılmış şəraitdən danışıb, həmçinin ödənişsiz efir vaxtının, qəzetlərdə yer ayrılmasını qeyd edib.

"Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb", - deyə o, əlavə edib.

MSK sədri deyib ki, seçkilərdə 7 namizəd qeydə alınıb və seçki prosesi zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb.

"Seçkilər seçicilərin fəal iştirakı ilə baş tutub. Səsvermə günü proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm də veb-kameralar vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb", - deyə M.Pənahov qeyd edib.

Daha sonra hakimlər müşavirəyə yollanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31