Xaricdə yaşayan soydaşlarımız da özlərini yeni dövrə uyğunlaşdırmalıdır- ÖZƏL
13 Fevral 2024 10:45 Siyasət"Yeni dövr bütövləşmənin əhəmiyyətini daha çox meydana çıxaran bir mərhələdir. Nəinki ölkə daxilində, dünyanın hər yerində yaşayan soydaşlarımız yeni dövrə özlərini uyğunlaşdırmalı, milli maraqları şəxsi, siyasi və ticari maraqlardan üstün tutmalıdırlar". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun sözlərinə görə, müharibənin qaynar fazası bitib, bizim mübarizəmiz isə davam etməkdədir: "Bu günə qədər əsas hədəf milli ruhu zirvəyə qaldırıb torpaqları azad etmək, suverenliyi təmin etməkdən ibarət idisə, indi hədəfimiz ruh yüksəkliyini daha da artırıb əldə olunmuş zəfərlərin, nəticələrin qorunmasını təmin etməkdən ibarət olmalıdır.
Seçkinin nəticəsi bəlli olduqda bir çox dövlət və hökumət başçılarından təbrik məktubları dövlət başçımıza ünvanlanır. Azərbaycanla yaxşı münasibətləri olan və gələcək illərdə yaxşı münasibətlər yaratmağa can atan dövlətlər, Azərbaycanın dünya birliyinə verdiyi töhvələri yüksək qiymətləndirənlər öz açıq mövqelərini ifadə etdilər. Lakin bunlarla yanaşı Azərbaycan xalqının iradəsinə, demokratik qərarlarına hörmət etməyən, seçkiyə kölgə salmağa çalışanlar da oldu və olacaqdır. Hesab edirəm ki, AŞPA-da seçkilər öncəsi Azərbaycan nümayəndə heyətinə qarşı atılmış addımlar da buna sübutdur".