Qərar artıq verilib və plan addım-addım icra olunur-Elmir Səftərov-ÖZƏL
12 Fevral 2024 18:56 Siyasət"Ermənistanın riyakar və qeyri-konstruktiv siyasəti nəticəsində regionda hələ də qeyri-müəyyənlik hökm sürür, sülhə olan ümidlər azalır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:
"Özünü dünyaya sülhpərvər dövlət kimi təqdim edən İrəvan sülh imzalamaq istəməsini əlində bayraq edərək, müxtəlif bəhanələrlə prosesdən yayınaraq vaxt qazanır. Bu müddətdə isə ordusunu yenidən formalaşdırır, müxtəlif ölkələrlə hərbi sahədə əməkdaşlıq edərək müasir silahlar alır. 44 günlük müharibəyə qədər hərbi sahədə əməkdaşlığının 90 faizdən çoxu Rusiya ilə olan Ermənistan artıq müxtəlif ölkələrə üz tutub.
Fransanın hərbi təhsil müəssisələrində ilkin zabit təhsili olan kadrların hazırlanması və yeni hava hücumundan müdafiə sistemlərinin alınması məsələsi də müzakirə olunur. Ermənistan və Fransanın ümumi sərhədi olmasa da, logistik imkanlar Gürcüstan və İrandan asılıdır. Ona görə də bir neçə ay əvvəl Fransa Gürcüstan vasitəsilə Ermənistana Bastion hərbi texnikası göndərmişdi. Bundan əlavə, 44 günlük müharibədən sonra rəsmi təfərrüatları açıqlanmasa da, Ermənistan Hindistanla da hərbi-texniki sahədə əməkdaşlıq edir, müxtəlif artilleriya vasitələri, pilotsuz uçuş aparatları əleyhinə sistemlər alır.
Eyni zamanda, Ermənistanın silahlı qüvvələrə yardım imkanlarını və tərəfdaşlarla qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək imkanlarını ABŞ-la müzakirə edir, birgə təlimlər həyata keçirir, Yunanıstanla və Kiprlə 2024-cü il üçün hərbi əməkdaşlıq proqramları imzalayır. 2023-2024-cü illər üçün Ermənistan Böyük Britaniya ilə müdafiə əməkdaşlığı haqqında proqram imzalayır. Ermənistan Azərbaycanla şərti sərhədinə Avropa İttifaqının (Aİ) missiyasının gətirməklə müxtəlif planlar həyata keçirir. Bununla yanaşı, İrəvan Moskva ilə imzalanmış müqavilələr çərçivəsində silah tədarükü ilə bağlı danışıqları davam etdirir. Həmçinin Ermənistanda qadınlar üçün "könüllü-məcburi" altı aylıq hərbi xidmət sistemi tətbiq olunmuşdu. Hələ bunlar bəlli olan məsələlərin bir hissəsidir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Nikol Paşinyan son müsahibəsində "Ermənistanın əhəmiyyətli dərəcədə təhlükəsiz" olduğunu bildirib. İrəvan özü də etiraf edir ki, regionda İran, Gürcüstan, Rusiya ilə əməkdaşlıq edir. Həmçinin də dünyanın nüfuzlu dövlətləri və təşkilatları ilə əməkdaşlıqlarını dərinləşdirir. Bəs o zaman sual olunur ki, Ermənistan bu qədər hazırlığı niyə görür?
Görünən odur ki, Ermənistan sülh sazişini imzalamaqda maraqlı deyil, bu, həm də xarici aktorların geosiyasi maraqlarına uyğun gəlmir. Onlar İrəvanı silahlandıraraq və müxtəlif hərbi sahələrdə dəstək verərək dividendlər qazandırmaq istəyir. Çünki sürətli şəkildə aparılan islahatlarda Qərbin izləri aydın şəkildə görünür. Onlar Ermənistanı hərbi cəhətdən gücləndirərək regionda yeni münaqişə ocağı yaratmaq məqsədi güdür. Ən "pis" halda isə Ermənistanın maraqlarını təmin edən müqavilə imzalanması gündəmdədir. Lakin Azərbaycan heç zaman bununla razı olmayacaq. Belə görünür ki, qərar artıq verilib və plan addım-addım icra olunur, Qərb Ermənistan vasitəsilə regiona nüfuz etmək və möhkəmlənmək üçün bütün imkanlarından istifadə edir. İran nə qədər də Avropa ilə münasibətlərinin kəskin olduğunu göstərsə, hələ ki, bunun şahidi deyilik. Əks halda Ermənistanın növbəti Qərb meydanına çevrilməsi üçün hazırlanmasına etirazının və İrəvana xəbərdarlığının şahidi olardıq. Ümumiyyətlə, Rusiya və İranın bu məsələdə susqunluğunu diqqətləri cəlb edir. Bu da hazırkı prosesləri siyasi baxımdan oxumağı çətinləşdirir".