Ermənistan ordusunun inkişafından söhbət gedə bilməz-Sahil Kərimli- ÖZƏL
12 Fevral 2024 15:01 Siyasət"Ermənistan Parlamentinin deputatı Armen Xaçatryanın dediyi fikirlər cəfəng, eyni zamanda gülünc doğuran açıqlamadır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Ermənistanın 44 günlük Vətən müharibəsində tamamilə darmadağın edilmiş ordusu hələ özündə təpər tapıb ayağa dura bilməyəcək. Ermənistanı xarici ölkələr, Fransa, Avropa dairələri nə qədər silahlandırmağa çalışsalar da, arsenalındakı köhnə silahları versələr də, Ermənistan ordusunun inkişafından, döyüş qabiliyyətinin artırılmasından söhbət gedə bilməz. Hətta gülünc doğuran açıqlamalardan biri budur ki, güya Ermənistan hərbi məhsulları beynəlxalq bazarlara çıxarılacaq. Amma bu bir xəyal, ermənistanlı siyasilərin istək və arzuları kimi görünür. Təbiidir ki, bu da gələcəkdə də işğalçılıq siyasətinin davam etdirilməsinə hesablanmış fikirlərdir. Ermənistan nə qədər məğlubiyyətlərlə üzləşsə, ordusu Azərbaycanla müharibədə tamamilə məhv olsa, Ermənistan ordusuna ard-ard çox ciddi dərslər verilsə də bundan nəticə çıxarmaq istəmir. Bu gün yenə də görünür ki, bölgəmizdə sülhə və təhlükəsizliyə yeganə təhdid Ermənistandır. Əks halda Ermənistan ordusunu gücləndirməklə, müasir ordu səviyyəsinə gətirməklə bağlı boş xülyalara düşməzdi".