Ordu təkcə müdafiə sənayesi məhsullarının kompleksindən ibarət deyil-Tural İsmayılov- ÖZƏL
12 Fevral 2024 13:47 Siyasət"Əlbəttə, bu gün Ermənistanın silahlandırılması faktoru ilə üz-üzəyik".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bu çox ciddi narahat edici tendensiyadır. Çünki, əgər Cənubi Qafqazda Azərbaycan tərəfindən sülhün təşviq edilməsi prosesi gedirsə, biz bölgədə sülh və etimad quruculuğunun olmağında maraqlı olduğumuzu bildiririksə, Ermənistanın dayanmadan hərbi arsenalını genişləndirməsi, Hindistan və Fransa vasitəsilə bu ölkənin silahlandırılması bölgəni təhdid edən bir faktordur. Azərbaycanla növbəti hərbi eskalasiya risklərini artırır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu gün Ermənistana dünya səviyyəli ən yüksək hərbi sursatlar verilsə belə, ordu təkcə müdafiə sənayesi məhsullarının kompleksindən ibarət deyil. Orduda çox yüksək mənəvi-psixoloji ruh halı mövcud olmalıdır. Amma biz görürük ki, Ermənistanın silahlandırılmasına baxmayaraq ordunun ümumiyyətlə, mənəvi-psixoloji durumu kifayət qədər aşağı səviyyədədir. Ermənistanı idarə edən qüvvələrin hərbi baxışları dəqiq bəlli deyil. Eyni zamanda Paşinyanın təyin etdiyi müdafiə naziri Suren Papikyan özü kadr olaraq Ermənistanda məzxərəyə çevrilibdir. Bu baxımdan Ermənistanın, özəlliklə hakimiyyət təmsilçilərinin son dövrlərdə ordunun silahlandırılması və hərbi ritorikadan çıxışlar etməsi Ermənistanın öz başının məhsulu deyil. Burada daha çox Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə təhdid kimi istifadə etməyə çalışan beynəlxalq güc faktorlarının qızışdırıcı və təhdidkar mövqelərinə şahidlik edirik. Amma istənilən halda əgər bölgəsəl sülhdən danışırıqsa artıq Ermənistanın silahlandırılmağı da bir proses olaraq dayanmalıdır".