Azərbaycan dövləti erməni siyasi düşüncə tərzini tam dəqiqliyi ilə bilir-Elçin Xalidbəyli- ÖZƏL

"Ermənistan bütün beynəlxalq platformalardan, bütün beynəlxalq qurumların tədbirindən, xarici ölkə təmsilçilərin səfərlərindən, eyni zamanda Ermənistan nümayəndələrinin xarici ölkələrə səfərlərindən bir mənalı şəkildə yalnız Azərbaycanın əlehinə propaqanda aparmaq, Azərbaycanı pisləmək, təbliğat aparmaq üçün istifadə edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:

"Ümumiyyətlə Ermənistanın beynəlxalq hüquqa yanaşması da erməni sayağıdır. Bunlar hesab edirlər ki, bütün beynəlxalq hüquq normaları yalnız Ermənistanın maraqlarını dəstəkləyir. Onlar bütün hüquqi aktlardan ancaq öz xeyirlərinə olan yozum ortaya çıxarırlar. Məsələn, 30 il ərzində Azərbaycan dövlətinin 20% ərazisini işğal altında saxlayırlar, sonra müharibə baş verir və bunları Azərbaycan ordusu bu ərazilərdən çıxarır. Onlar dərhal bütün dünyaya hay-küy salırlar ki, bunlara qarşı enosit siyasət yürüdülür. İşğal etdikləri Azərbaycana aid ərazilərdən çıxarılmanı hansı beynəlxalq hüquq normalarına əsasən "enosit" anlayışı ilə yozmaq olar? Bu yalnız erməni düşüncəsinə məxsus bir şeydir. Bunlar bu fəaliyyətlərini davam etdirməkdə israrlı görünürlər. Yəqin ki, Azərbaycan dövləti erməni siyasi düşüncə tərzini artıq tam dəqiqliyi ilə bilir və buna görə hərəkət edir. Çünki, erməni siyasətçiləri, Ermənistanın dövlət rəhbərliyi, siyasi elitası sülh prosesi ilə bağlı başqa bir şey deyir, amma xarici ölkə təmsilçiləri ilə münasibətdə Azərbaycanın əlehinə təbliğat aparırlar. Bu da Ermənistanın sülh prosesində povitiv mövqe tutmaq niyyətindən çox-çox uzaq olduğunu göstərir. Azərbaycan XİN həmin etiraz bəyanatını verməkdə tamamilə haqlıdır. Ermənistanın beynəlxalq qurumlardan, platformalardan Azərbaycana qarşı istifadə etməsi uzun müddət baş tutmayacaq. Çünki, bunun sona çatma mərhələsi var. Bütün dünya Ermənistanın ətrafında fırlanmır. Yaxın gələcəkdə yavaş-yavaş erməni propaqanda dalğası zəifləməyə başlayacaq. Sülh sazişi imzalandıqdan sonra isə ümumiyyətlə erməni propaqandasının dünyada hansısa təsirə malik olma imkanı azalmış olacaq. Əslində, Ermənistanın beynəlxalq cinayət məhkəməsində Roma statusuna qoşulmaqla bağlı tədbirdə Azərbaycanın əlehinə etdiyi çıxışda bir hiyləgərlik də var. Diqqəti əsas məsələdən yayındırmaq istəyi müşahidə olunur. Çünki, bu beynəlxalq cinayət məhkəməsi Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı verib. İndi Ermənistan həmin Roma statusuna qoşulduqdan sonra Putini Ermənistana səfər edəcəyi təqdirdə həbs etmək öhdəliyinə malikdir. Halbuki Ermənistanın buna siyasi iradəsi çatmaz. Bununla belə Ermənistanın bu beynəlxalq cinayət məhkəməsinin Roma statusuna qoşulması əslində Ermənistan-Rusiya müttəfiqlik prinsiplərinə kəskin şəkildə ziddiyət təşkil edir. Kreml rəsmi İrəvanın bu davranışından narazı olduğunu da gizlətmir. Yəqin ki, bu məsələ bir müddətdən sonra hansısa hadisələrin nəticəsində daha qabarıq şəkildə ortaya çıxmağa başlayacaq və bu mövzu Rusiya və Ermənistan arasında ciddi problemlərin predmetinə çeviriləcək. Ermənistan yaxşı olar ki, yalnız bu barədə düşünsün. Çünki, ermənistanən bu cür anoloji addımları Rusiya ilə müttəfiqliyə xəyanət xarakteri daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31